azia.az
azia.az

Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır

28-12-2021, 21:48

Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır
Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır
Ermənistan baş naziri Nikol Paşinyan separatçıların rəhbəri Araik Arutyunyana onun Qarabağ klanı ilə birləşməsini bağışlamaq istəmir; Yaxın vaxtlarda Xankəndi və ətraf bölgədə kütləvi etiraz aksiyalarının başlaya biləcəyi iddia olunur...

"Azia.az" musavat.com-a istinadla bildirir ki, Ermənistanda siyasi böhran daha da dərinləşə bilər. Hazırda bu düşmən ölkədə siyasi-ictimai etiraz dalğası güclənməyə başlayıb. Və Paşinyan hakimiyyəti müxalifət düşərgəsinin sərt ittihamları ilə qarşı-qarşıya qalıb.
Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyanın 24 dekabrda onlayn mətbuat konfransında səsləndirdiyi fikirlər Qarabağ klanı tərəfindən qəzəblə qarşılanmaqdadır. Üstəlik, erməni baş nazir Xankəndi və ətraf bölgədə olan separatçıların rəhbəri Araik Arutyunyanın ona qarşı yönələn xəyanət ittihamlarına verdiyi cavabdan sonra vəziyyət daha da gərginləşib. Və artıq Ermənistan baş nazirinin Qarabağ siyasətinə qarşı siyasi-ictimai müqavimət hərəkatının formalaşdırılmasına cəhd göstərilir.

Xatırladaq ki, Soçi görüşündən bir neçə gün öncə də Paşinyan hakimiyyətinə qarşı təzyiq kampaniyası başladılmışdı. Həmin ərəfədə bir neçə siyasi və ictimai təşkilat mitinqlər, küçə iğtişaşları törətməyə çalışmışdılar. Hətta aksiyaçılar İrəvanın mərkəzi küçələrini bağlamağa və metro qatarlarının hərəkətini dayandırmağa da nail olmuşdular.
İndi həmin siyasi və ictimai təşkilatlar yenidən fəallaşmağa çalışırlar. Artıq konkret hədəflərini və tələblərini də elan ediblər. Əsas hədəf Paşinyan hökumətinin tam tərkibdə istefasına nail olmaqdır. Əgər, Paşinyan hakimiyyəti istefa verməkdən imtina edərsə, yerinə yetirilməsində israrlı olduqları kifayət qədər aqressiv tələbləri də sıralayıblar.

Əsasən Qarabağ klanı ilə koordinasiyalı şəkildə hərəkət edən bu siyasi düşərgə Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ, delimitasiya və demarkasiya, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində yürütdüyü siyasi kursa etiraz etdiklərini bəyan ediblər. Ermənistan baş naziri Nikol Paşinyanın və prezident Armen Sarkisyanın istefasında israrlı olduqlarını bildiriblər. Ancaq nə qədər qəribə görünsə də, Paşinyan hakimiyyətini xəyanətdə suçlayan və istefasını tələb edən bu müqavimət hərəkatı hava şəraitini nəzərə alaraq, küçə yürüşləri, mitinqlər keçirmək niyyətində olmadıqlarını da gizlətmirlər.

Maraqlıdır ki, müqavimət hərəkatı Paşinyan hakimiyyətinin milli və dövlət maraqlarını təmsil etmədiyinə əmindir. Bu düşərgənin təmsilçiləri hesab edirlər ki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları Soçi və Brüssel görüşlərinin nəticəsini əks etdirir. Rəsmi İrəvan həmin görüşdə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, erməni xalqını Dağlıq Qarabağın itirilməsi ilə barışmağa hazırlayır.

Təbii ki, bütün bu ittiham tezislərinin arxasında Qarabağ klanının əks təbliğat mərkəzlərinin dayandığı qətiyyən şübhə doğurmur. Qarabağ klanının rəhbərlərindən olan, Ermənistanın eks prezidenti Robert Koçaryan son açıqlamaları da bunu təsdiqləyir. Belə ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı açıqlamalarına cavab olaraq, mətbuat konfransı keçirən R.Köçəryan da regionda sülh prosesinin dərinləşməsinə qarşı yönələn mövqedən çıxış edib. O, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə müqavimət göstərməyə çalışdığını qətiyyən gizlətməyib.
Məsələ ondadır ki, R.Köçəryan üçtərəfli anlaşmalara, eyni zamanda Soçi və Brüssel görüşlərində əldə olunmuş razılaşmalara qarşı çıxdığını vurğulayıb: “Biz demirik ki, sərhədlər yoxdur. Hazırda delimitasiyadan imtina etmək heç də sərhədlərin mövcudluğundan imtina demək deyil. Delimitasiya Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir ki, bu da rəsmi Bakıya Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə imkan verəcək".

Göründüyü kimi, R.Köçəryan öz siyasi maraqları naminə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına və son nəticə olaraq, yekun sülh sazişinin imzalanmasına əngəl törətməyə cəhd göstərir. Halbuki, bütün bunların mümkün qədər tez bir zamanda baş verməsi blokada şəraitinin aradan qaldırılması baxımından, ilk növbədə Ermənistanın maraqlarına cavab verir. Və bir çox hərbi cinayətlərin törədilməsində birbaşa iştirak etmiş keçmiş prezident öz maraqları naminə Ermənistan əhalisinin blokada şəraitində yaşayaraq, sosial-iqtisadi problemlər ilə üzləşməsinə belə, razıdır.

R.Köçəryan yenə də, Ermənistanın regional inkişaf prosesindən kənarda qalmaq təhlükəsinə əhəmiyyət vermədən Dağlıq Qarabağ mövzusu ilə siyasi alverə cəhd göstərir. Ermənistan əhalisini Azərbaycana məxsus ərazilərin itiriləcəyi ilə çaşdırmağa çalışır: "Əlbəttə, biz deyə bilərik ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması 10 noyabr sənədində nəzərdə tutulmayıb. Amma Azərbaycan 3-5 il dözəcək və sülhməramlı qoşunların mandatının uzadılması məsələsi müzakirə olunanda elan edəcək ki, daha ehtiyac yoxdur, məsələ həll olunub. Yəni, artıq sülhməramlılar gedə bilər. Bunun isə çox ciddi nəticələri və təhlükələri ola bilər”.
Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır
Ancaq R.Köçəryanın nəzərə almaq istəmədiyi bir önəmli məqam da var. Belə ki, üçtərəfli anlaşmalarda rus sülhməramlı qüvvələrinin mandatı ilə delimitasiya və demarkasiya prosesi arasında heç bir paralellik nəzərdə tutulmayıb. Yəni, rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədləri delimitasiya və demarkasiya olunmasa belə, dövlət maraqları tələb edəcəyi təqdirdə, 5 illik müddət sona çatdıqdan sonra rus sülhməramlıların ölkə ərazisindən çıxarılmasını tələb edə bilər.



Belə anlaşılır ki, əslində, hazırda Ermənistan cəmiyyətində baş verənlər daha çox özəl siyasi maraqlardan qaynaqlanır. Yalnız Paşinyan hakimiyyəti deyil, elə R.Köçəryanın nəzarətində olan Qarabağ klanının təmsilçiləri də Xankəndi və ətraf bölgənin tezliklə Azərbaycanın yurisdiksiyası altında olacağını anlayırlar. Sadəcə, hazırda onlara mövcud situasiyanı daha da gərginləşdirməklə zaman qazanılması, öz siyasi maraqları baxımından, vacibdir.

Ancaq bütün bunlara paralel olaraq, Ermənistan mətbuatı rəsmi İrəvan və erməni separatçıları arasında son həddə qədər dərinləşən qarşıdurma ilə bağlı yeni versiya gündəmə gətirib. "Hraparak" qəzetinin iddiasına görə, erməni separatçıların rəhbəri Araik Arutyunyanın Paşinyan hakimiyyəti ilə bu qarşıdurmanı sona qədər davam etdirə biləcəyi inandırıcı deyil: "Bu, yalnız o halda mümkün ola bilər ki, A.Arutyunyan "artsax"dan başladılan bir müqavimət hərəkatı ilə Paşinyan hakimiyyətinin dəyişdirilməsinə imkan verəcək bir prosesin əsasını qoymağa nail olsun. Hazırda bu, o qədər də inandırıcı görünmür".
Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır
Ermənistan nəşri erməni separatçının məğlubiyyətə daha yaxın tərəf olmasını əsas mübarizə mexanizmlərinin baş nazir Nikol Paşinyanın əlində cəmləşməsi ilə izah edir. Nəşrin iddiasına görə, erməni baş nazir Samvel Babayanın vasitəçiliyi ilə Araik Arutyunyanın Xankəndidə sahib olduğu mövqelərdən məhrum buraxmağa çalışır. Ermənistan baş naziri buna nail olarsa, Xankəndi və ətraf bölgənin Azərbaycan cəmiyyətinə inteqrasiyası qarşısında olan əsas əngəllərdən biri ləğv edilmiş olacaq. Çünki Xankəndi və ətraf bölgədə yenidən hər hansı seçkilərin keçirilməsinə rəsmi Bakının imkan tanıyacağı qətiyyən real deyil.



"Hraparak" qəzetinin iddiasından belə anlaşılır ki, Paşinyan hakimiyyəti Araik Arutyunyanı "devirmək" planını işə salıb. Hələlik Qarabağ klanı ilə vahid düşərgədə hərəkət etməklə, özünü qorumağa çalışan separatçıların rəhbərinə qarşı növbəti addımların atıla biləcəyi istisna deyil. Belə ki, Paşinyan hakimiyyətinin əlində iki önəmli ehtiyat mexanizmlər də var. Yəni, Araik Arutyunyan müqavimət göstərməyə davam edərək, Ermənistanın regional inkişaf qaynaqlarından kənarda saxlanmasına səbəb olarsa, rəsmi İrəvan dövlət büdcəsindən separatçılara ayırdığı aylıq 30 milyon dollar məbləğində olan maliyyə dəstəyini kəsə bilər. Bu halda, Xankəndi və ətraf bölgədə olan erməni separatçıların ayaqda qalması qətiyyən mümkün olmayacaq.

İkinci mexanizmə gəldikdəsə, Paşinyan hakimiyyəti onu erməni separatçıların mövqeyindən asılı olmayaraq, onsuz da hərəkətə gətirmək məcburiyyətindədir. Belə ki, rəsmi İrəvan üçtərəfli anlaşmaların tələblərinə uyğun olaraq, ən yaxın vaxtlarda Ermənistan ordusunun Xankəndi və ətraf bölgədə qalan tör-töküntülərini bölgədən çıxarmalıdır. Yəni, erməni separatçıların hərbi dəstəkdən də məhrum qalacağı zaman o qədər də uzaqda deyil.
Erməni separatçıların İrəvanla savaş sirləri açılır: Paşinyan Araikin həbsinə çalışır
Nəhayət, yaxın günlərdə Paşinyan hakimiyyətinin Xankəndi və ətraf bölgədə Samvel Babayan vasitəsilə Araik Arutyunyana qarşı etiraz aksiyalarına start verə biləcəyi də iddia olunur. Belə anlaşılır ki, Ermənistan baş naziri Nikol Paşinyan erməni separatçıların rəhbəri Araik Arutyunyanın üzərini cızıb. Çünki, Ermənistanın xilas olunmasına çalışan baş nazir Nikol Paşinyanın atdığı addımların yaxın vaxtlarda Araik Arutyunyanın və onun separatçı-terrorçu quldur dəstələrinin tezliklə həbsə alınması, yaxud bölgədən qaçması ilə də nəticələnə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi