Kreml rus sülhməramlıları bölgədən çıxaracaq: Tarix dəqiqləşib, ermənilərin zamanı daralır
Rusiyanın tələsdiyi və üçtərəfli anlaşmaların icrasını yaxın 4 il ərzində yekunlaşdırmağa çalışdığı müşahidə olunur; Ermənilərin rus sülhməramlıların bölgədə dislokasiya müddətinin uzadılacağına ümid bəsləməsi tamamilə yersizdir və bu məsələ Kremldən daha çox rəsmi Bakının siyasi iradəsinə bağlıdır...
"Ölkə.Az"ın musavat.com-a istinadən məlumatına görə, Ermənistan yeni siyasi böhrana doğru sürüklənir. Revanşist Qarabağ klanı Ermənistanda daxili siyasi-ictimai gərginliyi artırmağa cəhdlər göstərir. Və bu baxımdan, Ermənistanın hər an qarışa biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, son vaxtlar Ermənistan ətrafında, eləcə də Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər Qarabağ klanını qane etmir. Əksinə, qonşu ölkələrə qarşı ərazi iddialarına və erməni separatizminə bağlı siyasi-ideoloji tezisləri biznes qaynağına çevirən Qarabağ klanı öz mövcudluq şərtlərinə qarşı ciddi təhlükənin olduğunu artıq anlayır. Çünki indiki situasiyanın dəyişməyəcəyi təqdirdə, siyasi səhnədə Qarabağ klanına heç bir ehtiyacın qalmayacağı qətiyyən şübhə doğurmur.
Ona görə də, Qarabağ klanının təmsilçiləri regionda sabitləşmə prosesinə bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışırlar. Noyabrın əvvəllərində növbəti yüksəksəviyyəli üçtərəfli görüşün keçiriləcəyi və yeni sənədlərin imzalanacağı barədə məlumatların yayılmasından sonrasa, Qarabağ klanı daha da fəallaşmağa başlayıb. Bu radikal revanşist qüvvə artıq yaxın günlərdə Ermənistanda ardıcıl kütləvi etiraz aksiyalarının keçiriləcəyini də bəyan edib.
Ancaq Qarabağ klanı ölkədə növbəti etiraz dalğası yaratmaq üçün tutarlı arqumentlər yaratmağa da can atır. Ona görə də, siyasi gərginliyin yüksəldilməsi prosesinə məhz parlament divarları daxilində başlamaq niyyətindədir. Qarabağ klanı Paşinyan hakimiyyətinə təzyiq göstərir ki, Ermənistan parlamentində sərhədlərin delimitasiya və demarkasiya mövzusu mütləq müzakirə edilsin.
Maraqlıdır ki, son məlumatlara görə, Qarabağ klanı bu məsələnin Ermənistan parlamentində müzakirəsi ilə bağlı qərarın verilməsinə də nail ola bilib. Bu barədə danışan Qarabağ klanının təmsilçisi Artsvik Minasyan bildirib ki, Ermənistan və “dqr” ətrafında yaranmış situasiya onun təmsil etdiyi siyasi qüvvəni ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti bu məsələnin parlamentdə güc strukturlarının rəhbərləri ilə birlikdə müzakirə edilməsinə əngəl törədir: “Görünür, hakimiyyətin gizli qalmasında maraqlı olduğu məqamlar var. Onlar sərhədlə bağlı prosesləri gizli şəkildə aparmağa çalışırlar”.
A.Minasyana görə, Paşinyan hakimiyyətinin indiki əlverişsiz situasiyada sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bəyan etməsi çox təəccüblüdür: “Hakimiyyətin sovet xəritələrinə istinad etməsi və tələskən davranması narahatlıq doğurur. Məlum deyil ki, həmin xəritələr hansı dövrləri əhatə edir. Biz delimitasiya və sülh prosesinə qarşı olmasaq da, tələskənləyin yaxşı nəticələr verməyəcəyini düşünürük”.
Ancaq Qarabağ klanı təmsilçilərinin anlamaq istəmədikləri bir önəmli məqam var. Hazırda geopolitik proseslər Qarabağ klanının mövqeyi nəzərə alınaraq, cərəyan etmir. Hətta Ermənistanın mövqeyi də bu proseslərdə elə bir ciddi rol oynamır. Rəsmi İrəvan sadəcə, mövcud reallıqlarla və qarşısına qoyulan şərtlərlə razılaşmaq məcburiyyətindədir. Və hətta Paşinyan hakimiyyəti devrilsə belə, bu istiqamətdə heç bir ciddi dəyişiklik olmayacaq.
Erməni separatçıları isə bu prosesin tezliklə onların bir çoxunun həbsxanalara doldurulması ilə nəticələnə biləcəyindən narahatdırlar. Düzdür, erməni separatçıları da üçtərəfli anlaşmaların icrasına müqavimət göstərməyə çalışdıqlarını biruzə verməyə çalışırlar. Ancaq onların mövcudluğunun artıq heç kimi ciddi şəkildə narahat etmədiyini də anlamamış deyillər.
Məsələ ondadır ki, erməni separatçılarının təmsilçisi Artak Beqlaryan Dağlıq Qarabağın minilliklər boyu onlara məxsus olduğu barədə yalnız özlərinin inana biləcəyi uydurmaları yenidən gündəmə gətirməyə çalışıb. Belə anlaşılır ki, “erməni xəyallar” riyazi hesablama prinsiplərini də ironik vəziyyətə sala biləcək qədər güclüdür. Əks halda, 2021-ci ildən 1828-ci ili çıxmaqla, ermənilərin Cənubi Qafqaza neçə il əvvəl gəldiklərini asanlıqla, hesablaya bilərdilər. Və dünyanı, artıq heç kimi maraqlandırmayan uydurma iddiaları ilə yormazdılar.
Ancaq nə qədər uydursalar da, “xəyali minilliklər”in deyil, məhz yaxın 4 ilin onların gələcək taleyini həll edəcəyini də anlamamış deyillər. Ona gör də ciddi şəkildə narahatdırlar, Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədə əbədi qalmasının vacibliyini sübuta yetirməyə çalışırlar. Halbuki bunun mümkün olmaya biləcəyini də qətiyyən istisna etmirlər.
Məsələn, separatçı Artak Beqlaryan hesab edir ki, 4 ildən sonra nə olacağı hələlik məlum deyil: “Ona görə də bizim hədəfimiz bu müddət ərzində əhalinin mənzil problemini həll etmək və daha çox erməninin bura geri dönməsini təmin etməkdir. Çünki biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələrinin dislokasiya müddəti uzadılacaq”.
Ancaq erməni separatçıların bu ümidlərinin özünü qətiyyən doğrultmayacağını artıq onlardan başqa hamı anlayır. Rusiyanın davranışları da göstərir ki, Kreml heç özü də növbəti 5 il üçün rus sülhməramlıların bölgədə qalmasında maraqlı deyil. Ona görə də, Kreml yaxın 4 il ərzində buna ehtiyac olmayacaq situasiyanın yaradılmasına cəhd edir.
Məsələ ondadır ki, Rusiya israrla üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasının vacibliyini vurğulayır. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlamağa çağıraraq, bu prosesdə öz yardımını təklif edir. Cənubi Qafqazda bütün nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının regionun gələcək inkişaf perspektivləri baxımından, böyük önəm daşıdığını xüsusi olaraq, qabardır.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiyanın israrla tam şəkildə icra olunmasına çağırdığı üçtərəfli anlaşmalarda Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyasına nail olunması barədə ayrıca maddə var. Ona görə də, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər “xəyali minilliklər” barədə uydurmaları bir kənara buraxıb, ən qısa zaman içərisində Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa hazırlaşsalar daha yaxşı olar. Çünki heç kim onların “kaprizlləri” oynayıb, zaman itirmək niyyətində deyil.
Əksinə, Kremlin davranışları Rusiyanın da tələsdiyini və üçtərəfli anlaşmaların icrasını yaxın 4 il ərzində yekunlaşdırmağa çalışdığını göstərir. Yəni, ermənilərin rus sülhməramlıların bölgədə dislokasiya müddətinin uzadılacağına ümid bəsləməsi tamamilə yersizdir. Üstəlik, bu məsələ Rusiyadan daha çox rəsmi Bakının siyasi iradəsinə bağlıdır.
Rusiya sülhməramlılarının 4 ildən sonra bölgədən çıxarılacağı ilə bağlı Kreml və rəsmi Bakı arasında qeyri-rəsmi anlaşmanın olduğu barədə də müəyyən məlumatlar mövcuddur. Üstəlik, Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxış edərkən, “Qarabağda Rusiya sülhməramlı qüvvələrinin dislokasiya müddətinin uzadılması müzakirə edilmir” deməklə, ermənilərə gələcəyi təsəvvür etmək imkanı yaradıb.
Əgər, bunu da anlaya bilmirlərsə, onda heç olmasa, erməni separatçıların artıq Rusiyada özünə sığınacaq axtarmağa başlamış rəhbəri Araik Arutyunyanın “Bizdən “dqr” ordusunun tərksilah olunmasını tələb edirlər” etirafını diqqətə alsınlar. Bu, Rusiyanın dislokasiya müddəti bitdikdən sonra rus sülməramlıları bölgədən çıxartmaq niyyətində olduğunu təsdiqləyən məqamdır.