azia.az
azia.az

Tariximizə imzasını zəfərlə yazan lider İlham Əliyev – LDU rektoru

24-12-2021, 08:43

Tariximizə imzasını zəfərlə yazan lider İlham Əliyev – LDU rektoru
Deyirlər ki, hər bir xalqın böyüklüyü dünyaya bəxş etdiyi güclü şəxsiyyətlərlə, millətini önə çıxarda bilən ziyalılarla, adını tarixə yazan liderlərlə ölçülür. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının tarixində belə böyük şəxsiyyətlər var və onlardan biri də bu günlərdə 60 yaşı tamam olan hörmətli ölkə başçımız cənab İlham Əliyevdir.

Birmənalı olaraq deyə bilərik ki, möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycan tarixinə imzasını Zəfərlə yazıb. “Millətimin imzasının imzalar içində” olması üçün bütün istedadı, var gücü ilə çalışan ölkə başçımızın- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin doğum günü sevincinə bu gün bütün xalqımız qəlbən şərikdir. Ulu öndər H.Əliyev idarəçilk məktəbinin layiqli davamçısı olan İlham Əliyevin 60 illik yubileyini Qalib ölkənin Qalib lideri kimi qeyd etməsi bütün xalqımıza qürur hissi yaşadır.

Hər bir azərbaycanlı fəxr edir ki, onun vətəndaşı olduğu ölkəyə İlham Əliyev kimi mahir diplomat, güclü sərkərdə, xalqının mənafeyini, milli, dövləti maraqlarını hər şeydən üstün tutan güclü şəxsiyyət, əsl vətən fədaisi rəhbərlik edir. İ. Əliyev bu gün dünyada ən nüfuzlu dövlət başçılarından biri sayılır. Hörmətli dövlət başçımızın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması isə başa çatmaqda olan 2021-ci ilin ən böyük siyasi nailiyyətidir. Ali ordenin təqdimetmə mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ordeni alan İlham Əliyevin dedikləri isə onun böyük Vətən sevgisindən xəbər verir: “Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm. Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik”.
Tariximizə imzasını zəfərlə yazan lider İlham Əliyev – LDU rektoru
Yaxın tariximizin-XX əsrin son onilliyinin acı təcrübəsi göstərdi ki, xalqın tərəqqisi ona rəhbərlik edən şəxsiyyətin bilik və bacarığından, siyasi gedişlərindən, diplomatik manevrlərindən, ən əsası isə-böyük Vətən sevgisindən çox asılıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə təkrar qayıdışı ölkəni xaos və qarmaqarışıqlıqdan, parçalanmadan, separatizm caynağından xilas etdi. Onun müdrik siyasətinin layiqli davamçısı isə oğlu İlham Əliyev oldu.

Təsdiq olunmuş faktdır ki, tarixdə həmişə milli birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanırlar. Biz İkinci Qarabağ savaşında,Vətən müharibəsində böyük Zəfərə məhz milli birliyimizlə, vəhdətimizlə, dövlət rəhbərimizin ətrafında sıx birləşib “dəmir yumruğ”a çevrilməklə nail ola bildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, milli mənsubluğundan asılı olmayaraq İlham Əliyevin ətrafında sıx birləşdi, hamılıqla “Qarabağ Azərbaycandır” dedi və qalib gəldi!

O xalq xoşbəxtdir ki, onun güclü lideri var. Məhz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü mahir diplomatik siyasət, düzgün idarəetmə bacarığı, xalqı birləşdirmə gücü sayəsində 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız-cənnətməkan Qarabağ düşmən tapdağından, erməni qəsbkarlarından azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın illərdir davam edən Qarabağ həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə əbədilik qızıl hərflərlə yazıldı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İ. Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, möhtərəm prezidentimizin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi.

Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu – Torpaqlarımızdan rədd olub getmək! Dedi və etdi!

İlham Əliyev Azərbaycan xalqının siyasi lideri kimi Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Prezident seçiləndə “Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına söz verirəm” deyən İlham Əliyev müqəddəs bayrağımızı rayonlarımız işğaldan azad edildikcə şəxsən özü həmin rayonlarda ucaltdı. Bu anları izləmək, dalğalanan Azərbaycan bayrağını seyr etmək necə də qürurverici idi!

Bəli, böyük Qarabağ Zəfəri ölkə başçımızın 60 illik yubileyinə ən böyük töhfə oldu. 30 il ərzində qəsbkar ermənilər tərəfindən xarabazara çevrilmiş rayonlarımızda indi həyat yenidən canlanır, minalanmış ərazilər təmizlənir, yeni infrastruktur layihələri həyata keçirilir, qaçqın və köçkünlərin yurd yerlərinə qayıdışı üçün böyük quruculuq işləri görülür. Musiqi beşiyimiz Şuşada keçirilən tədbirlər, Füzuli hava limanının, Böyük Zəfər yolunun istifadəyə verilməsi, Zəngilan, Ağdam, Şuşada aparılan tikinti işləri göstərir ki, xalqın başında güclü lider dayanırsa, o bütün çətinlikləri dəf etməyə qadirdir.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı son illərdə həm siyasi, həm sosial-iqtisadi-mədəni sahələrdə çox böyük uğurlara imza atıb, regionun ən güclü dövlətinə çevrilə bilib. Azərbaycanın mövqeyi həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənib. Əhalinin yaşayış səviyyəsi də yüksəlməkdə davam edir. Son günlərdə ölkə başçımızın xalqın maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzaladığı sərəncamlar hamımızın ürəyindən xəbər verir. Bir təhsil işçisi kimi, tələbə və magistrantların təqaüdlərinin, pedaqoji sahədə çalışanların əmək haqqlarının artırılmasına görə ölkə başçımıza rəbhərlik etdiyim kollektivin üzvləri adından minnətdarlığımızı bildirirəm.

Lənkəran Dövlət Universitetinin kollektivi Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin ən güclü şəxsiyyətlərindən, tanınmış ölkə rəhbərlərindən biri, ən əsası, xalqının sevimli lideri olan möhtərəm İlham Əliyevi anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, xalqımızın rifahı, Azərbaycanımızın daha da inkişafı, çiçəklənməsi, dünya miqyasında nüfuzunun daha da güclənməsi naminə ölkə başçımıza böyük uğurlar, möhkəm can sağlığı , uzun ömür arzu edir.

Tariximizə adını “Zəfər sərkərdəsi” kimi yazan prezidentimiz-cənab İlham Əliyev-60 illik yubileyiniz mübarək!

Azərbaycan xalqı sizin kimi güclü liderlərlə güclüdür!

Natiq İbrahimov,
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Tariximizə imzasını zəfərlə yazan lider İlham Əliyev – LDU rektoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi