Rusiya tur operatorları niyə səyahət üçün Azərbaycanı tövsiyə edir? - ARAŞDIRMA
Rusiyanın tur operatorları turistlərə səyahət üçün Azərbaycanı və daha 11 ölkəni tövsiyə ediblər. “RİA Novosti”-nin xəbərində bildirilir ki, tur operatorlar xaricdə turizm proqramlarının artırılması üzərində işləməkdə davam edirlər. Amma bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayı cəmi 12-dir.
“Fun&Sun” tur operatoru Rusiyadan Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistana birbaşa və ya üçüncü ölkələrlə reyslər təklif edir”.
Azia.az xəbər verir ki, Sputnik Azərbaycan bu mövsüm Rusiyadan Azərbaycana turist axınının ən çox hansı turizm sahələrini əhatə edəcəyini araşdırıb.
Hava dəhlizlərinin bağlı olması əlavə xərclər yaratsa da...
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyadan sonra dünyada turizmin dirçəlməsinə böyük ümidlər yaransa da, Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda hava səyahətlərinə qoyulan məhdudiyyətlər turizmə təsirsiz ötüşməyəcək. Ekspert bildirir ki, hava dəhlizlərinin bağlı olması, təyyarələrin daha çox yol qət etməsinə səbəb olur. Bu da xərcləri artırır. Müxtəlif ölkələrin turizm sənayesi təmsilçiləri artıq yeni alternativ istiqamətlər haqqında planlaşdırmalara start veriblər.
Rusiyalı turistlərin maraq göstərdiyi turizm növləri
R.Quliyevin sözlərinə görə, Azərbaycan rusiyalı turistlər üçün hər zaman maraqlı ölkə olub. Odur ki, birbaşa hava xətləri bərpa olunduqdan sonra Rusiyadan Azərbaycana turist axını gözləniləndir: "Rusiyanın turizm şirkətləri üçün Azərbaycan çox əlverişli destinasiyadır. Azərbaycanda mətbəx turizmi, istirahət turları rusiyalı turistlərin marağına səbəb olur. Bu sahələr üzrə turistlərin qəbulu üçün ölkəmizdə bütün şərait var. Ən azından may ayında hava və quru sərhədlərində yumşalma olarsa, iyul və avqust aylarında Azərbaycana çoxsaylı rusiyalı turist gələ bilər".
Həmsöhbətimiz bildirir ki, rusiyalı turistlərin ən çox Naftalan, Qalaaltı kimi sağlamlıq turizminə axını baş verə bilər. Çünki, əvvəl də termal turizm növü üzrə Rusiyadan Azərbaycana çoxlu sayda müsafir gəlib. Həmçinin Bakı və Abşerona səyahətlərə, şərab marşrutlarına da Rusiyadan gələn turistlər maraq göstərirlər.
Çimərliklərimizi də turistlər üçün hazırlamalıyıq
Azərbaycan çimərlik turizmində mavi bayraq statusu almadığından qonşu ölkələrlə müqayisədə çimərlik turizminə xarici qonaqların marağını cəlb edə bilməsə də, ekspert deyir ki, hazırkı şəraitdə rusiyalı turistlərin çimərlik istirahəti üçün Azərbaycana gəlməsi də mümkündür.
Qeyd edək ki, hələ pandemiyadan əvvəl də Azərbaycan rusiyalı turistlərin diqqət mərkəzində olub. Bunu statistik rəqəmlər də təsdiqləyir.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2021-ci ilin dekabr ayında Azərbaycana ən çox əcnəbinin gəldiyi ölkə arasında Rusiya birincidir. Rusiyadan Azərbaycana ötən ilin dekabr ayında 29324 turist gəlib. 2022-ci ilin yanvar ayında da ölkəmizə ən çox turistin gəldiyi ölkə Rusiya olub. Bu rəqəm cari ilin yanvar ayında 26131 nəfər olub. 2018-ci ildə Rusiyadan Azərbaycana 878391, 2019-cu ildə 932198, 2020-ci ildə 225214, 2021-ci ildə isə 257959 əcnəbi gəlib.
Rusiyadan Azərbaycana gələn turistlərin sayında 2018-2019-cu ildə 6,10 faiz artım olub. 2019-cu illə 2020-ci ili müqayisə etsək, Rusiyadan ölkəmizə gələn əcnəbilərin sayı 75,80 faiz azalıb. 2020-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etdikdə görmək olur ki, bu dövrdə Rusiyadan Azərbaycana gələnlərin sayında yenidən artım baş verib. Həmin dövrdə Rusiyadan ölkəmizə gələn turistlərin sayı 14,50 faiz artıb. 2019-cu illə 2021-ci ili müqayisə etsək isə görərik ki, bu üç il ərzində Rusiyadan Azərbaycana gələn müsafirlərin sayı ümumilikdə 72,30 faiz azalıb.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub: “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”.
Səfir əlavə edib ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur: “Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”.
Çarter reyslərinə məhdudiyyətlər qaldırılır
““Fun&Sun” tur operatoru da qeyd edib ki, aprelin 9-dan sonra Rusiyanın dünyanın 52 ölkəsinə, o cümlədən çarter reyslərinə COVID məhdudiyyətlərini aradan qaldırması səbəbindən mövcud ölkələrin siyahısı genişlənə bilər. "Lakin bu proses vaxt və diqqətli araşdırma tələb edir, çünki bu, digər dövlətlər tərəfindən qoyulan məhdudiyyətlərdən, həmçinin birbaşa və ya əlaqə ilə hava hərəkətini təşkil etmək imkanlarından asılıdır", - “Fun&Sun” şirkətindən bildirilib.
Hazırda əsas problem Türkiyə və Misir kimi ən kütləvi çıxış istiqamətlərində bazarın ehtiyaclarını ödəmək üçün sərfəli çarter reysi tapmaqdır. Lakin bununla yanaşı, qeyd edilir ki, problem artıq həll olunmaqdadır. “Anex Tour” şirkəti bəyan etdi ki, aprelin 29-dan "Türk Hava Yolları" (THY) Türkiyəyə uçuşlara başlayacaq. Tur operatorları xaricə səyahət edən turistlərə maksimum xidmət çeşidi və hər şey daxil yemək paketləri seçməyi tövsiyə edib.