“Devalvasiya Azərbaycan turizmininin inkişafına səbəb ola bilər” - Nahid Bağırov
Devalvasiya bütün sahələrə təsir etdiyi kimi, turizm sahəsinə də hiss olunmaqdadır. Manatın məzənnəsinin dollar qarşısında zəifləməsindən sonra Azərbaycan turizmində nə dəyişiklik olub?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun sözlərinə görə , devalvasiyanın turizmə də böyük təsiri olub.
“Keçən ilin bu dövrü ilə müqayisə etdikdə ölkədən xaricə gedən turistlərin sayında azalma baş verib. Amma gəlmə turizmində xeyli artımlar olub. Xarici valyuta ilə Azərbaycana gəlmək daha ucuz başa gəlir. Manatın düşməsi daxili turizmə daha yaxşı təsir edib. Azərbaycana gələn əcnəbi turist manatın ucuzlaşması səbəbilə ölkə daxilində daha çox səyahət edə bilir.
Xaricə turizm məqsədilə səyahət edənlərin çoxu devalvasiyadan sonra ölkə daxilində səyahət etməyi seçdilər. Yeni il ərəfəsində ölkə daxilindəki otellərdə müəyyən sıxlıq hiss olunur. Hamı əvvəldən sifariş edib. Yay mövsümü ilə müqayisə etdikdə sözsüz ki, müəyyən azalma var. Amma bu təbiidir. Devalvasiya Azərbaycan turizminin inkişafına səbəb ola bilər. Bundan əlavə bəzi ölkələrin vətəndaşlarına sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi də turizmin inkişafına təsir edən amillərdir.”.