Yeni qərar avtomobil bazarına necə təsir edəcək?
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Dəyişiklik avtomobil bazarına necə təsir edəcək?
Bununla bağlı ekspert Raqif Raufoğlu Qazet.az-a açıqlamasında bildirib ki, hibrid avtomobillərə tələbat olsa da, təəssüf ki, bazarda yeni modellərə az rast gəlinir: “Daha çox köhnə modellər gətirilir ki, bu da alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Bazar belə formalaşdığından ili köhnə olan avtomobillərin ehtiyat hissələri də çoxluq təşkil edir. İndi lazımdır ki, eyni proses nisbətən yeni modellər üçün də getsin”.
Ekspert vurğulayıb ki, qərar stimullaşdırıcı xarakter daşısa da, yalnız son 3 ilin hibridlərinə şamil olunub: “Bu müddət artıb, son 7-8 ilin hibridlərinə aid olsa, onda bazarda xeyli dəyişiklik hiss olunar. Hələ ki, vəziyyət çətindir. Vergi Məcəlləsinə edilən dəyişiklik rəsmi dilerlərin həvəslənib daha çox hibrid gətirmələri baxımından faydalıdır. Bəlli bir sürətə kimi, xüsusən də tıxaclarda adi batareya ilə işləyən hibridlər ölkəmizin ekoloji balansına da çox yaxşı təsir edəcək, atmosferə tullantı atılmayacaq. Elektromobil üçün isə hələ xeyli vaxt lazımdır. Bunlar üçün çoxlu cərəyandoldurma məntəqələri olmalı, həmin avtomobillər təkmilləşməlidir ki, maraq artsın”.