Yanacaq bahalaşsa da, avtomobilləşmə prosesi sürətlənir - bazarda son durum
Ekspertlər bahalı avtomillərin ucuzlaşmadığını, lakin ekonom maşınların daha çox tələb gördüyünü deyirlər...
Məlum olduğu kimi, Azərbaycanda sentyabrın 15-dən etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzin bahalaşdı. Belə ki, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN oldu. Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Bəs görəsən, bu durum premium markalı benzinlə işləyən , mühərrikinin həcmi yüksək olan avtomobillərin qiymətinə təsir edibmi və bazarda tendensiyanı dəyişibmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan avtobloger Elvin Hüseynov bildirdi ki, Aİ 95 markalı benzinin qiymətindəki artım avtomobil bazarında təkcə mühərriki premimum benzinlə işləyən avtomobillərin deyil, həm də Aİ 92 markalı benzinlə işləyən avtomobillərin bazarına təsir edir: “Hazırda orta təbəqə əsasən qiyməti 12-15 min manat civarında olan avtomobillərə üstünlük verirlər. Son olaraq Gömrük Komitəsi də yeni statistika açıqladı ki, ölkəyə rekord sayda avtomobil gəlib və idxal olunan avtomobillər arasında da ”Kia", “Hundai” markalı avtomobillər üstünlük təşkil edir. “Kia Rio”, Opel-in Astra modeli də çox tələb görür. “Tayota”nın isə 1,5 mühərrikli Hibrid modelinə daha çox tələbat var və bu avtomobillər də ölkəyə daha çox gətirilir".
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda da, dünyada da benzinin qiyməti və dizel yanacağının qiyməti dəyişdikcə bunun avtomobil bazarında müəyyən təsirləri olur: “Son zamanlar Azərbaycanda ən populyar avtomobillər hibrid avtomobilləridir. Baxmayaraq, ki, hökumət bununla bağlı təşviqedici addımlar atmır, hibrid avtomobillərinin, elektrik avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı insanları stimullaşdıracaq addımlardan yayınır, amma bunlara baxmayaraq, hibrid avtomobillərin ölkəyə gətirilməsində son illər, əsasən də bu il kifayət qədər ciddi artım var. İdxalda dəfələrlə artım var və bunu küçələrdə də biz görürük. Həmin avtomobillərin sayının artması əsasəndə Bakı şəhərinin küçələrində vizual olaraq nəzərə çarpır.
Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Natiq Cəfərli
Amma mən düşünmürəm ki, Aİ 95 benzinin qiymətinin qalxması irihəcmli avtomobillərin qiymətinə birbaşa təsir göstərir. Yəni motorun həcmi iri olan maşınların hamısı yeni və Aİ 95 markalı avtomobil benzini istehlak edən avtomobillər deyil. Ölkədə Aİ 92 markalı benzinlə və yaxud da dizellə işləyən motor həcmi yüksək olan minlərlə avtomobil var. Aİ 95-in bahalaşması əksinə köhnə avtomobillərin gətirilməsinə stimullaşdırır. Aİ 95 markalı benzin daha çox yeni növ avtomobillərdə istifadə olunur. Müasir avtomobillərin qiymətinin baha olduğunu və gömrük rüsumlarının da çox olduğunu nəzərə alsaq, Aİ 95 markalı benzin bahalaşdıqca, motor həcmi böyük olan, amma Aİ 92 və ya dizellə işləyən avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırır. Yəni bunun qiymətlərə birbaşa təsir etdiyini söyləmək o qədər də doğru korrelyasiya deyil”.
Artan yol qəzaları: trafik canavarının “yay mövsümü”...
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı da bildirdi ki, avtomobil parkının yenilənməsi vacibdir və burada mühərrik həcminin böyük, yaxud kiçik olmasının önəmi yoxdur: “Amma yanacağın qiymətində yaranan kəskin fərq istər- istəməz bazara təsirini göstərir. Lakin bunlar real deyil, çünki müvəqqəti xarakter daşıyır. Müəyyən bir vaxt keçdikdən sonra yenə maşınlar köhnə qiymətə satılır. Yəni mühərrikin böyük olan avtomobilləri şəxslər onsuz da əvvəldən xərclərin çox olacağını nəzərə alırlar. Çox az insanlar benzinin qiyməti bahalaşarsa həmin maşınlardan imtina edir, satır. Bu da minlərin arasında 100-200 nəfər ola bilər ki, nəticədə bazara ciddi təsir göstərmir. O avtomobillər yenə də alınır-satılır. Qiymətlərində də fərq nəinki azalır, əksinə, artır. Kimsə əlimyandıda maşın satırsa, ola bilər ki, qiymətə müəyyən endirim edirlər. Ancaq bazarda elə bir ucuzlaşma yoxdur və benzinin qiyməti ciddi bir təsir göstərməyib. Bundan sonra da təsir göstərəcəyinə və qiymətlərdə böyük bir ucuzlaşma yaranacağına inanmıram. Çünki Azərbaycan bazarı alverçilərin əlindədir. Alverçilər bazarı idarə edir. Dövlət tərəfindən heç bir müdaxilə yoxdur. Alverçilər də bazarda sözün həqiqi mənasında qiymətləri oynatmağı bacarırlar. Fərqli qiymətləri bir az ucuzlaşdırır, biraz bahalaşdırılar. Əsas odur ki, öz ciblərini, öz maraqlarını güdürlər. Belə olan halda bazarda tələb-təklif prinsipləri yox, alverçilərin diqtəsi keçərlidir. Ümumi mənzərə avtomobilləşməyə qarşı deyil, son vaxtlar Azərbaycana gətirilən maşınların sayı kütləvi şəkildə artıb. Bu yaxınlarda mən Gömrük Komitəsi yanında Ictimai Şuranın üzvü kimi bir araşdırma apardım və gömrük məlumatlarına əsasən belə bir informasiya əldə etdim ki, hətta son günlərdə elə gün olub ki, ölkəyə bir gündə 600-dən çox maşın keçirilib. Bu, çox böyük göstəricidir. O deməkdir ki, Azərbaycanda avtomobilləşməyə çox böyük maraq var. Səbəb də o oldu ki, pandemiya dövründə ictimai nəqliyyat işləmədi, işləyənlər də bərbad xidmət göstərdi. Problemlər var, alternativ ictimai nəqliyyat növləri yarada bilmirlər. İnsanlar artıq çıxış yolu kimi maşın almağı düşünürlər və bu gün bazarda maşına tələbat var. Həm də dövlət proqramı var və yaxın vaxtlarda köhnə avtomobillərin utilizasiyası prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Utilizasiya prosesi həyata keçiriləndən sonra avtomobillərimizin nə qədər yeniləndiyinin bir daha şahidi olacağıq. Eyni zamanda yollardakı bu sıxlıq, tıxac da bir az azalacaq. Çünki yeni avtomobillər gətirilir, amma köhnələr sıradan çıxarılmır. Bu da bir az balansın pozulması deməkdir".
Nərgiz LİFTİYEVA,