Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı BƏYANAT YAYDI
2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib.
Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
Pul siyasətinin digər aralıq hədəfi olan pul kütləsi iqtisadiyyatın pula olan tələbi, iqtisadi artım proqnozu və inflyasiya nəzərə alınmaqla tənzimlənəcək.
Rəqəmsallaşma proseslərinin təsiri ilə pul kütləsinin strukturunda baş verən dəyişikliklər də pul təklifinin tənzimlənməsi zamanı nəzərə alınacaq. Pul təklifinə təsir göstərmək üçün əməliyyat orientiri olaraq bankların Mərkəzi Bankdakı manatla müxbir hesabları qalığından istifadə ediləcək.
Əməliyyat hədəflərinə nail olmaq üçün 2022-ci ildə də Mərkəzi Bank arsenalındakı bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək. Alətlərin kəmiyyət parametrlərinə və dürasiyasına dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcək. Bank sisteminin struktur profisitinin (və ya kəsiri) müntəzəm qiymətləndirilməsi davam etdiriləcək.
Avtonom və qeyri-avtonom amillərin likvidliyə təsirlərini qiymətləndirmək üçün likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemindən istifadə ediləcək. Pul siyasəti alətlərindən makroiqtisadi proseslərin təbiətinə uyğun olaraq çevik istifadə transmissiya mexanizminin effektiv işləməsinə, həmçinin makroiqtisadi və maliyyə sabitliyinə dəstək verəcək.
Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək. Bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcək. Faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində müzakirəsinin əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq təşkil edilməsi nəzərdə tutulur.
Mərkəzi Bank pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki fasilələri və xüsusiyyətləri də nəzərə alacaq. Pul siyasəti ilə bağlı qərarların real iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsiri arasındakı zaman fasiləsi (laq) bir neçə rüb çəkə bilir. İqtisadiyyatda struktur dəyişikliyi ilə bağlı qeyri-müəyyənliklər şəraitində təsir fasiləsi bir qədər də uzana bilər.
İnflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə şərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində həyata keçiriləcək. Bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərin reallaşması başlıca prioritet olacaq.