Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı
2016-cı ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb
Bu haqda Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında məlumat verilib.
Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalıb.
Dövr ərzində valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 60% hissəsi banklararası valyuta bazarında (BVB), 40%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.
ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.
2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 mln. avro təşkil edib.
Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, habelə, ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.
2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. Mərkəzi Bank valyuta bazarında iştirakı minimuma endirib, Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.
İlin 9 ayında ARDNF-in xarici valyuta satışları 4 mlrd. ABŞ dolları təşkil edib. Cari ilin 9 ayında Mərkəzi Bankda, ümumilikdə, 88 valyuta hərracı keçirilib.
Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilmiş, bu hərracların mexanizmi təkmilləşdirilib.
Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 01 oktyabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4.1 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Cari ilin əvvəlindən növbəti iş günü üçünrəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanmışdır. Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq cari ilin 9 ayında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib.
Hesabat dövrünün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 4%, Avro isə 6.7% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.57 manat təşkil edib.(modern.az)