azia.az
azia.az

Mərkəzi Bank uçot dərəcəsini 5% müəyyən etmək barədə qərar qəbul etdi

15-02-2016, 09:09

Mərkəzi Bank uçot dərəcəsini 5% müəyyən etmək barədə qərar qəbul etdi Azərbaycan Respublikasının Mərkəzi Bankı makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirləri davam etdirir.
Mərkəzi Bankdan verilən məlumata görə, bu məqsədlə elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür.
Mərkəzi Bank tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər.
Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşaiyət olunmaqdadır.
Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir.
Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edib.
Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi