"Qarabağ" yeni hücumçunu nə vaxt gətirəcək? - AÇIQLAMA
Komandanın əsas mərkəz hücumçusu İbrahima Vadjini Fransanın "Sent Etyenn" klubuna satan "Qarabağ"ın həmin mövqeyə transfer edib-etməyəcəyi böyük maraq doğurur.
Əlbəttə, Ağdam təmsilçisinin heyətində nominal forvard mövqeyində çıxış edə bilən bir neçə futbolçu var. Avrokubok matçlarında daha çox vinger mövqeyində gördüyümüz Ramil Şeydayev, icarəyə verildiyi "Ankaragücü"dən qayıdandan sonra faydalı olduğunu isbatlayan Ovusu Kvabena və qitəmiqyaslı turnirlər üçün təcrübəsiz sayılan Musa Qurbanlının adlarını çəkə bilərik. Ancaq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionunun Vadjinin əvəzinə yeni forvard almaması təmsilçimizin hücum potensialının zəifləməsi anlamına gələr.
Zaman isə gözləmir. Artıq Azərbaycanda transfer pəncərəsinin bağlanmasına 2 gün qalır. Misli Premyer Liqasında rəqiblərinin öhdəsindən Vadjisiz də gələn "köhlən atlar" isə sentyabrın 8-də ilk AL matçına çıxmalıdır.
"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Fanat.Az-a açıqlamasında mövcud vəziyyətə aydınlıq gətirdi:
"Öncə deyim ki, Vadjini "Qarabağ"dan ayrılmış saya bilərik. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Komandaya yeni hücumçu götürülməsi gündəmdədir və hazırda baş məşqçimiz Qurban Qurbanov bir neçə variantı nəzərdən keçirir.
Azərbaycanda transfer pəncərəsi bağlanmaq üzrədir. Sentyabrın 8-də isə Avropa Liqasında ilk oyunumuza - "Frayburq"la səfər matçına çıxmalıyıq. Məqsəd həmin qarşılaşmaya qədər heyətə yeni hücumçu qatmaqdır. Bunu transfer pəncərəsi bağlanandan sonra da reallaşdıra bilərik. Böyük ehtimalla, azad agent statusu daşıyan forvard götürəcəyik".