Portuqaliya Türkiyəni, Şimali Makedoniya İtaliyanı DÇ-yə buraxmadı (YENİLƏNİB)
DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
Məlumata görə, üç yol üzrə yarımfinalın 4 matçı baş tutub.
Qardaş Türkiyə yığması C yolunda mübarizəyə başlayıb. "Ay-uıduzlular” səfərdə Portuqaliya ilə görüşüb. Meydan sahibləri görüşün taleyini ilk yarıdakı qollarla həll edib. Burak Yılmaz öncə fərqi azaltsa da, penaltini qaçırmaqla yığmasının son ümidlərini alt-üst edib. Portuqaliyalılar isə son saniyələrdə üçüncü qola da imza atıblar. Bununla da Türkiyə millisinin mundial arzusu ən azı 4 illik təxirə düşüb.
İtaliya isə Şimali Makedoniyanı qəbul edib. Uzatma dəqiqələrində qol sevinci yaşayan qonaqlar sensasiyalı şəkildə qələbə qazanıb. Son Avropa çempionunun mundial xəyalı yarımfinalda başa çatıb.
Mundiala vəsiqə Portoda baş tutacaq Portuqaliya – Şimali Makedoniya matçında sahibini tapacaq. Bu qarşılaşma martın 29-da keçiriləcək.
A yolunda Uels öz meydanında Avstriyanı qəbul edib. Hər hissədə bir qol vuran Qaret Beyl böyük britaniyalıları mundialın bir addımlığına daşıyıb. Qonaqların gücü yalnız fərqi minimuma endirməyə çatıb.
Şotlandiya – Ukrayna qarşılaşması, həmçinin qalib komandalar arasında final iyunda təşkil olunacaq.
B yolunda İsveç Çexiyanı sınağa çəkib. Əsas vaxtı qolsuz başa çatan görüşün qalibini müəyyənləşdirmək üçün əlavə 30 dəqiqəyə oynanılıb. Skandinaviyalılar 110-cu dəqiqədə vurulan qolla növbəti mərhələyə yüksəlib.
Bu komanda Rusiya yarışdan kənarlaşdırıldığı üçün birbaşa finala yüksələn Polşa ilə qarşılaşacaq. DÇ-2022-yə vəsiqənin sahibi iyunun 29-da Polşada baş tutacaq matçda bəlli olacaq.
DÇ-2022
Pley-off
24 mart
A yolu
Uels - Avstriya 2:1
Qollar: Qaret Beyl, 25; 51 - Ben Devis, 64 (avtoqol)
B yolu
İsveç - Çexiya 1:0
Qol: Robin Quaison, 110
C yolu
Portuqaliya - Türkiyə 3:1
Qollar: Otavio, 15. Dioqo Jota, 42. Mateus Luis, 90+4 - Burak Yılmaz, 66
İtaliya Şimali Makedoniya 0:1
Qol: Aleksandar Traykovski, 90+2