Konfrans Liqası: "Qarabağ" tarixi oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasında tarixi oyuna çıxacaq.
"Report"un məlumatına görə, Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda qrup mərhələsini adlayan komanda pley-off mərhələsində ilk matçını keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada "Marsel" klubu ilə üz-üzə gələcək.
"Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
"Marsel" və "Qarabağ" avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub. Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı H qrupunu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.
"Köhlən atlar"ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynovla Abbas Hüseynovun isə meydana çıxması sual altındadır. Meydan sahiblərində isə yeganə itki Valenten Ronjyenin cəzalı olmasıdır.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
İlk oyun
17 fevral
00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)
Marsel, "Velodrom" stadionu.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.