azia.az
azia.az

"Qarabağ" klubu: "Fransa "Sinovac"ı qəbul etmir"

28-01-2022, 09:25


"Səfər oyunumuzun neytral ölkədə keçirilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".
"Qarabağ" klubu: "Fransa "Sinovac"ı qəbul etmir"
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Fransada "Marsel"ə qarşı keçirməli olduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun başqa ölkəyə salına biləcəyi ilə bağlı iddialar barədə danışarkən deyib.
O, “Sinovac” vaksininin sözügedən ölkədə qəbul olunmadığını söyləyib: "Bizdə isə bu peyvənd tanınır".

Klub rəsmisi bildirib ki, yanvarın 28-də UEFA-nın pley-offda iştirak edəcək klubların nümayəndələri ilə onlayn görüşündə bəzi məsələrə baxılacaq: "İclasda yeni dəyişikliklər müzakirə olunacaq. Yalnız bundan sonra hazırkı vəziyyətə münasibət bildirə bilərik".

Abbaszadə bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Marsel"ə qarşı oynamış Türkiyənin "Qalatasaray" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında da səfər matçları zamanı buna bənzər vəziyyətin yarandığını xatırladıb: "Hər iki ölkədə Fransanın qəbul etmədiyi vaksinlərdən istifadə olunur. Amma bu komandalar istisna hal kimi Fransada "Marsel"lə qarşılaşıb. Bunu araşdırmışıq, bilirik. Matçın neytral ölkədə keçirilməsi barədə qərar veriləcəyinə inanmırıq. Amma hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi