Aleksey Baqa "Sumqayıt"dan niyə ayrılıb?
Türkiyənin Antalya bölgəsindəki qış hazırlıqlarını ən tez başa vuran Premyer Liqa klubu "Sumqayıt" oldu.
Fanat.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi yanvarın 23-də təlim-məşq toplanışını başa vuraraq vətənə döndü.
Bununla belə, yeni baş məşqçi Aleksey Baqa Azərbaycana komandası ilə birgə dönməyərək iki gün yubanıb. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında belaruslu mütəxəssisin yubanmasının səbəbini izah edib: "Düzdü, komanda ayın 23-də qayıtdı, baş məşqçimiz isə orda qaldı. Aleksey Baqa ləngiyərək Antalyada hazırlığını davam etdirən klublarımızın məşqlərini və oyunlarını izləmək istəyirdi. Burda belə imkan olmayacaqdı. Çünki hamıdan tez biz dönmüşük. Baş məşqçi artıq Azərbaycandadır. O, hazırlıqdan sonra bu günkü ilk məşqə komandanı özü çıxardı".
Qeyd edək ki, “Sumqayıt” dekabrın 30-da 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.