azia.az
azia.az

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə start veriləcək

12-08-2018, 11:44


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümü start götürəcək.

"Report" xəbər verir ki, ilk turun qarşılaşmaları 2 gün davam edəcək. Açılış oyununda "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gələcək.

Bu qarşılaşma komandaların çempionat tarixində 25-ci dueli olacaq. 24 matçın 12-də "Neftçi", 9-da isə "Sumqayıt" qələbə qazanıb. 3 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 39:30. "Gənclik şəhəri" təmsilçisi 5 oyundur meydanı qolsuz tərk etmir.

Əslində görüş "Kapital Bank Arena"da keçirilməli idi. Lakin "Sumqayıt"ın ev arenası təmirə bağlandığından, oyun "Dalğa Arena"ya keçirilib.

"Neftçi"nin hazırkı rəhbərliyindən klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanov, futbolçulardan isə Tural Axundovla Rəşad Eyubov ötən mövsüm "Sumqayıt"da çalışıb. "Gənclik şəhəri" təmsilçisindən isə baş məşqçi Nazim Süleymanov vaxtilə flaqmanın həm futbolçusu, həm də baş məşqçisi olub. Hər iki komanda 2017-2018 mövsümündə sonadək avrokuboklara vəsiqə uğrunda mübarizə aparsa da, sonda "Neftçi" bürünc medalçı olub, "Sumqayıt" isə 5-ci yerlə kifayətlənib. Lakin hər iki komanda baş məşqçiləri - müvafiq olaraq, Tərlan Əhmədov və Samir Abasovla yollarını ayırıb. Əhmədovu italiyalı Roberto Bordin, Abasovu Süleymanov əvəzləyib.

Turun digər iki matçı isə avqustun 12-də baş tutacaq. "Qəbələ" doğma meydanda "Səbail"i sınağa çəkəcək. Bu komandalar indiyədək 4 dəfə qarşılaşıblar. İki matçda "Qəbələ", bir oyunda "Səbail" meydanı qalib tərk edib. Bir qarşılaşma isə bərabərliklə bitib. Topların fərqində də əyalət təmsilçisi öndədir - 8:5.

İlk turun son matçında isə Premyer Liqanın debütantı "Sabah" səfərdə "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş "Sabah"ın Azərbaycan Premyer Liqasındakı ilk oyunu olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (şənbə)

20:00. "Sumqayıt” – "Neftçi”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "Dalğa Arena”


12 avqust (bazar)

19:00. "Qəbələ” – "Səbail”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu


21:00. "Keşlə” – "Sabah”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Fazil Mürşüdov

Bakı, "ASK Arena”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi