Prezident İlham Əliyev tanınmış güləşçimizə nə deyib? - AÇIQLAMA
"Prezident İlham Əliyevlə bir çox görüşlərimiz olub. 2015-ci və 2017-ci illərdə müxtəlif tədbirlərdə qarşılaşmışıq. Bu dəfəki görüşün özəlliyi onda idi ki, ata-baba yurdumuza onunla birlikdə səfər etdik".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Prezident İlham Əliyevlə Qubadlıda görüşməsi barədə danışarkən deyib.
87 kq çəki dərəcəsində çıxış edən idmançı ölkə başçısı ilə doğma diyarında gəzdiyini bildirib: "Bu, çox qürurverici hiss idi. Bu hissləri bizə yaşatdığı üçün prezidentimizə və qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bunları sözlə ifadə etmək olmur. Prezident həqiqətən bizimlə səmimi görüşdü. Hardasa 2 km-dən çox məsafəni bizimlə gəzdi, söhbət etdi. Qubadlının kəndlərini, müxtəlif yerlərini buranın sakinlərindən çox yaxşı tanıyır. Bizə hansı kənddə nələrin olacağını izah etdi. Bütün bunların bir ilə hazır olacağını söylədi. Qubadlıya çəkilən yol və digər layihələr barədə bizi məlumatlandırdı".
Abbasov ölkə rəhbərinin onu tanıdığını sözlərinə əlavə edib: "Mənə güləş qarşılaşmalarımı izlədiyini söylədi, yaxşı və potensiallı idmançı olduğumu vurğuladı, qarşıdakı yarışlarda uğurlar arzuladı. Belə bir ifadə də işlətdi: "Yəqin ki, Qubadlının havası sənə düşəcək". Mən də öz növbəmdə prezidentə söz verdim ki, bundan sonra qələbələrimizlə sizi sevindirəcəyik. Ölkə başçısı Qubadlıda olimpiya kompleksi tikiləndən sonra idmançıların gənclərə öz töhvəsini verəcəyini də dedi".
Güləşçi Prezidentlə görüşdən sonra növbəti yarışlar üçün məsuliyyətinin artdığını diqqətə çatdırıb: "Bu, mənim üçün çox böyük stimul oldu. Prezidentə də söz verdim ki, uğurlarımla onu sevindirəcəyəm. Bunun üçün də çox çalışacağam. Onun sözləri mənə böyük motivasiya verdi".
Abbasov Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında uğursuz çıxışının səbəbinə də aydınlıq gətirib: "Məşqlərimdə hansısa problem yox idi. Sadəcə, Tokio olimpiadasından sonra məndə psixoloji yorğunluq oldu. Özümdə bu yöndə düşkünlük hiss edirdim. Öz üzərimdə işləyir, bunu aradan qaldırmağa çalışıram. Psixoloji yorğunluğu aradan götürəndən sonra tam gücümlə qayıdacağam".
25 yaşlı idmançı ilin sonunadək mötəbər yarışlarının olmadığını, 2022-ci il Avropa çempionatında isə qızıl medal qazanmaq istədiyini söyləyib: "Əlbəttə, 2024-cü il Paris Yay Olimpiya Oyunlarında da medal əldə etmək istəyirəm. Uğurlarımla hamını sevindirməyi hədəfləyirəm. Var gücümlə çalışacağam ki, nəticələrim çox yaxşı olsun"
Qeyd edək ki, İslam Abbasov 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarının qalibidir. O, 2019-cu il Avropa çempionatında və II Avropa Oyunlarında gümüş, 2020-ci il qitə çempionatında isə bürünc medal əldə edib.