Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın”
"Nəticədən bəlli olduğu kimi, yarış mənim, eyni zamanda komandamız üçün uğurlu keçdi. Sevindirici haldır ki, 6 ildən sonra yenidən dünya çempionatında qızıl medal qazandıq. Bundan əlavə, yığma komandamız medal sayı hesabında üçüncü yerə layiq görüldü. Rusiya, İran və Azərbaycan komandalarının üzvləri fəxri kürsüyə qalxdılar. Bu ölkələrin idmançıları ilə birlikdə Azərbaycan komandasının da fəxri kürsüyə qalxması böyük nəticədir”.
Xəbər verilir ki, bu sözləri Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında qızıl medal qazanmış Azərbaycan millisinin üzvü Rafiq Hüseynov deyib.
Azərbaycan güləşçisi qalib gələn komanda yoldaşlarını təbrik edib: "Qalib gələnləri təbrik edirəm. Bundan əlavə, məşqçilər, həkim heyətinə təşəkkür edirəm. Bizim olimpiya kateqoriyalı hakimimiz də yarışda iştirak edirdi. Qürurvericidir ki, o da final görüşünü idarə edənlər arasında idi”.
Rafiq Hüseynov bir daha vurğulayıb ki, yarış Azərbaycan millisi üçün uğurlu keçib: "Böyük nəticələrlə qayıtdıq. Əlbəttə nəticələrə sevinirəm. İstərdim ki, nəticələr Azərbaycanın idman tarixində yenidən təkrarlansın”.
O, bundan əvvəl də beynəlxalq yarışlarda müxtəlif nəticələr əldə etdiyini xatırladıb: "Böyük nəticələr 30 yaşdan sonra oldu. Mən 2011-ci ildə də Avropa çempionu, 2017-ci ildə Avropa üçüncüsü olmuşam. Eləcə də digər yarışlarda da müxtəlif nəticələr əldə etmişəm. Sevdiyim işlə məşğul olduğuma görə bu mənə uğur gətirir. Zənnimcə hər hansı insan sevdiyi işlə məşğul olursa, bu ona uğur gətirəcək”.AZXEBER.COM