Azərbaycan millisi Serbiyaya məğlub oldu
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxıb.
İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən sayılan Serbiyanın qonağı olub. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə qələbə həsrəti bu dəfə də davam edib.
Meydan sahibləri 30-cu dəqiqədə penaltidən hesabı açsa da, fasilə ərəfəsində rəqib qapıçısının kobud səhvini bağışlamayan Emin Mahmudov status-kvonu bərpa edib. Lakin komandamızın bundan artığına gücü çatmayıb. Fasilədən dərhal sonra yenidən önə keçən Draqan Stoykoviçin kollektivi son dəqiqələrdə millimizi daha bir dəfə mərkəzə dəvət edərək, 3:1 hesablı qələbə qazanıb.
Bununla Serbiya məğlubiyyətsiz, Azərbaycan isə qələbəsiz oyunlar seriyasını davam etdirir. Son tur öncəsi millimizin qrupda axırıncı yeri tutacağı rəsmiləşib.
Qrupun digər matçında Portuqaliya Kriştiano Ronaldo (3), Bruno Fernandeş və Palinyanın qolları ilə Lüksemburqu 5:0 hesabı ilə məğlub edib.
Yığmamızla eyni qrupda yer alan İrlandiya isə Qətərlə yoldaşlıq görüşündə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, VIII tur
12 oktyabr
22:45. Serbiya – Azərbaycan - 3:1
Qollar: Duşan Vlahoviç, 30 (pen.), 53, Duşan Tadiç, 83 (pen.) - Emin Mahmudov, 45+2
Baş hakim: Erik Lambrexts (Belçika)