Millimiz Şimali İrlandiya səfərində
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura start veriləcək
azia.az apasport.az-a istinadən xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisi də növbəti matçını keçirəcək.
Yığmamızın rəqibi Şimali İrlandiya olacaq. Bu görüş millimizin ardıcıl ikinci, tsikldə isə üçüncü səfər oyunu olacaq.
Mərhələyə uğurla start verən və 3 qarşılaşmadan sonra 7 xal toplayıb, ikinci pillədə qərarlaşmış millimiz uğurlu seriyanın davam etməsi və mövqeyini qorumaq üçün ən azından məğlub olmamağa çalışacaq.
Maraqlıdır ki, bu komandalar arasındakı 4 il öncəki eyni məkanda baş tutan oyundan Azərbaycan yığması xalla dönməyi bacarmışdı. Özü də, həmin qarşılaşmada meydan sahibləri oyuna əlavə edilmiş dəqiqələrdə vurduqları qolla məğlubiyyətdən qaça bilmişdilər. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan bu oyunun cavabında isə evdə britaniyalıların qapısında 2 cavabsız top keçirtmişdik.
Tarixinin ən uğurlu startına imza atan millimiz qol buraxmadığı və uduzmadığı tsikldəki uğurlu yoluna davam etməyə iddialıdır. San-Marino və Çexiya ilə səfər matçlarında 4 xal qazanıb, rəqib meydanında qapısını toxunulmaz saxlayan yığmamız bu dəfə də uduzmasa, pley-offa vəsiqə iddiasını təsdiqləyəcək.
DÇ-2014-ü 9 xalla tamamlayıb, rekorda imza atan komandamız 3 il əvvəlki nailiyyəti tsikl başa çatmamış yeniləyə bilər. Çünki Belfastdakı qələbə hesabımızdakı xalları 10-a çatdıracaq. Təbii ki, istənilən nəticə ilə rekordu yeniləmək şanslarımız növbəti 6 matça qalacaq. Lakin yeni rekordu təxirə salmamaq üçün Prosineçkinin yetirmələri möcüzənin davamını Belfastda gətirməlidirlər.
DÇ-2018-in seçmə mərhələsi
IV tur
11 noyabr
C qrupu
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klément Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. "Vindzor Park" stadionu