Fransa səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT
Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.
Azia.Az-ın xəbərinə görə, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.
Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.
Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.
Həmçinin təşkilatçılar “Facebook” hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər.
Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu turnirdə 2019-cu ildə iştirak edib. Bu, komandamızın Fransa Qran Prisində yarışacağı ikinci turnir olacaq.