Güləşçilərimiz Qazaxıstanda 2 medal qazanıblar
Qazaxıstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi turnir iki gün davam edib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın iki üzvü iştirak edib.
64 pəhləvanın yarışdığı 59 kq çəkidə mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.
Beləliklə, güləşçilərimiz turnirdə 1 qızıl və 1 gümüş medal qazanıb.