İdman nazirinin qaldıra bilməyəcəyi “ağırlıq” yaxud Azad Rəhimov Elmar Əliyevin maxinasiyalarına şərikdirmi?
Gənclər və idman naziri Azad Rəhimov özü nə idmançı, nə də gənc olmasa da, ətrafına yığdığı “gənclər” yetərincə fərasətli, necə deyərlər “yumurtadan yun qırxmağı” bacaran kadrlardır.
Zaman-zaman sosial şəbəkələrdə, sayt və informasiya portallarında bu Nazirlikdə mənimsəmələrin və digər maliyyə maxinasiyaları barədə ifşaedici məlumatlar dərc olunur. Sonuncu belə məlumatların birində qeyd olununan maxinasiyaların baş verdiyi ünvandan biri də Nazirliyin nəzdindəki Tədbir Əməliyyat Komitəsidir (EVONTOC).
Bildirilir ki, Komitənin maliyyə direktoru Elmar Ziyafət oğlu Əliyev ona həvalə edilmiş hər bir işə şəxsi biznes prizmasından yanaşır. Bu həmin Elmar Əliyevdir ki, atası Ziyafət Əliyev “Salyanneft” MMC-nin direktoru, əmisi Yəhya Əliyev isə bu yaxınlara qədər həmin MMC-nin kadrlar şöbəsinin rəisi işləyib. Deyilənə görə, sonuncu müəssisədə aparılan maliyyə-mühasibatlıq yoxlanışlarından sonra vəzifəsini itirib və onun fəaliyyətini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırır. Nazirlikdəki maxinasiyalarla kifayətlənməyən Elmar Əliyev yaxın qohumlarının adına təsis etdiyi MMC-ləri atasının direktoru olduğu “Salyanneft” MMC-nin elan etdiyi tenderlərin və satın almaların qalibi çıxardaraq pul vəsaitinin silinməsinə rəhbərlik edir.
Ölkə Prezidenti Beynəlxalq İdman yarışlarının keçirilməsi üçün gərəkən bütün işləri uğurla həyata keçirdiyi halda, nazirlikdə kök salmış bir qrup əliəyri bu tədbirlərə şəxsi gəlir mənbəyi kimi baxır. Məhz bunun nəticəsidir ki, ayrılmış dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması ciddi problemlərə gətirib çıxarır. İddiaya görə Avropa Oyunları (2015-ci il) Əməliyyat Komitəsinin ödənilməyən 100 milyon manat vergi borcu var. Bəlli olduğu kimi sonrakı illərdə də ölkəmizdə Beynəlxalq idman oyunları ( Hər il keçirilən Formula-1 Avropa Qran Prisi, IV İslam Həmrəyliyi Oyunları”, “Bakı-2019” Avropa Gənclər Olimpiya Festifalı və.s) keçirilib. Əgər ilk tədbirdə 100 milyon manat yoxa çıxıbsa, demək sonrakı yarışların da büdcəsinə əl uzadılıb. Və düşünmək ki, bütün bunlar Nazirliyin nəzdində fəaliyyət göstərən Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov və maliyyə direktoru Elnur Əliyevin özfəaliyyətinin nəticəsidir, bu, sadəlövhlük olar. Nazir Azad Rəhimovun Avropa ölkələrinə belə gedib çıxmış kapitalının mənbəyi bu kimi maliyyə maxinasiyaları hesabına deyilmi? Qeyd edək ki, Elmar Əliyev yalnız nazirlikdə vəzifə daşımır, eyni zamanda o iş adamı, biznesmen kimi də fəaliyyət göstərir. Görünür, E.Əliyev bacarıqlı biznesmen kimi A.Rəhimovun diqqətin çəkib. Və yəqin indi Azad müəllim ona “dimdiyində yem gətirən” E.Əliyevə maliyyə məsələlərini həvalə etməkdə necə doğru seçim etdiyinin xoşbəxtliyini yaşayır.
Beynəlxalq oyunların keçirilməsi üçün alınmış mal və avadanlıqların, Avropa Oyunları etiketli geyimlərin paytaxtın ayrı-ayrı dükanlarında satılması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitinin yeni təsis edilmış MMC-lərə köçürülərək nağdlaşdırılması, əmək haqlarını yüksək məbləğ göstərməklə rəsmləşdirib işçilərə xüsusilə sürücülərə aşağı həddə verilməsi, yaxın qohum və dostlara “Azpetrol”-dan ödənişsiz yanacaq tədarükünə icazə verən talonların paylanması və.s qaranlıq əməliyyatlarda da əsas icraçı kimi çıxış edən Elmar Əliyevidir.
Sosial mediada yayılan xəbərlərə inansaq belə çıxır ki, Elmar Əliyev həm də Arayış xeyriyyəçiliyi ilə məşğul olur. Bildirilir ki mühacir həyatı yaşamaq istəyənlər (sonradan onların bəziləri söyüş kampaniyasına qoşulur) viza üçün tələb olunan iş yerindən arayış üçün ən çox müracət olunan ünvan məhz Gənclər və İdman Nazirliyinin nəzdində olan Tədbir Əməliyyat Komitəsi (EVONTOC), daha dəqiqi komitənin maliyyə direktoru Elmar Əliyevdir. Arayış Komitənin adından verilir. Belə çıxır ki, ya EVENTOC-un baş direktoru Elçin Səfərov sözü eşidilmiyəcək qədər zəif rəhbərdir, ya da bu arayış biznesi Səfərov-Əliyev tandeminin çirkli işlərindən növbətisidir.
Media yazır ki, E.Əliyev qeyd olunan və bizə hələ də bəlli olmayan çoxsaylı gəlir mənblərdən əldə etdiyi milyonlar ona Bakının müxalifət yerlərində daşınmaz əmlaka sahib olmaq imkanı verib. Maraqlısı həm də budur ki, Elmar Əliyevin son illər Almaniyaya səfərləri intensivləşib. Ehtimal etmək olar ki onun bu ölkədə də biznes şəbəkəsi var. İddaya görə E.Əliyevin Almaniyada Hostel və evləri var. Bu o anlama gəlir ki, adam Azərbaycanın gələcəyi ilə bağlı nikbin fikirdə deyil.
Məlum olduğu kimi ölkəmizdə keçirilən Beynəlxalq yarışlara Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva rəhbərlik edir. Bu isə, bu cür tədbirlərin maliyyələşdirilməsinə cavabdeh şəxs kimi nazir Azad Rəhimovdan ikiqat məsuliyyət tələb edir. Amma görünən budur ki, şəxsi maraq bu məsuliyyətin dərəcəsini surətlə aşağı salıb. Yəqin ki məqamı çatanda nazir və maxinatorlardan ibarət komandası hərislikdən qaynaqlanan bu məsuliyyətsizliyin bədəlini ödəyəcək. Bu gün də baş verə bilər, sabah da.
Növbəti yazılarımızda Elmar Əliyevin Azərbaycanda və xarici ölkələrdə daşınmaz əmlaklarının siyahısını dərc edəcəyik. Bizi izləməyi unutmayın.
Gundemxeber.Az