“Düşündük ki, hazırda biz bunu etməyək” - İlham Əliyev
“Növbəti Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək fürsəti bizdə var idi. Lakin düşündük ki, hazırda biz bunu etməyək. Çünki Avropa Oyunları demək olar ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilib”
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı bəyan edib.
Dövlət başçısı qeyd edib ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları və böyük uğur qazanmış, çoxlu diqqət cəlb edən “Formula-1” Qran-prisi keçiriləcək. “Formula-1”in 500 milyonluq auditoriyası var. Ola bilsin, burada Olimpiya Oyunları ilə paralellik aparmaq olar. Olimpiya Oyunları 2-3 həftə ərzində keçirilir, sonra isə yekunlaşır. “Formula-1” yarışları isə hər il keçirilir və davam edir. “Formula-1” və Avropa Oyunlarından sonra biz Azərbaycana gələn turistlərin sayında artımı müşahidə edirik. Xüsusilə məhz ona görə ki, “Formula-1” şəhər halqasında keçirilib. Beləliklə, insanlar təkcə yarışı deyil, şəhəri də izləmək imkanı qazandılar və onlar yeni məkanları görmək və kəşf etmək istəyirlər”.