29 yaşlı gəlini xəyanətə görə vəhşicəsinə öldürdülər – Azərbaycanda DƏHŞƏTLİ QƏTL
Daxili İşlər Nazirliyi İmişlidə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən medianews.az-a verilən məlumata görə, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi,
habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.