azia.az
azia.az

Canavar Lənkəran və Astarada məktəblilərə hücum etdi-6 yaralı...

30-11-2018, 09:02

Bir yırtıcı bıçaqla öldürülüb, bir nəfərin həyatını isə mobil telefon xilas edib

Astara rayonunda canavarlar məktəblilərə hücum edib.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib. Belə ki, noyabrın 29-da səhər saatlarında məktəbə gedən şagird və valideynlər canavarların hücumuna məruz qalıblar. Hadisə zamanı 4-ü məktəbli olmaqla, 7 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Bu zaman J.Firudinzadə oğlunu qorumaq üçün özünü canavarın önünə atıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar.

Analoji hadisə rayonun digər kəndlərində də baş verib.

Belə ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdlü Günəş Şöyüb qızı Şahmuradova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdlü Şənlik Qoşqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdlü Tofiq Qəribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, iki gün öncə Lənkəran rayonunda da canavar yeniyetmələrə hücum edib. Hadisə dağ kəndi Biləsərdə baş verib. Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbov axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə endirib. Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib.

Son aylar Azərbaycanda kəndlərə canavar hücumları kəskin şəkildə artıb. Yırtıcılar təkcə mal-qara sürüsünə deyil, kənd sakinlərinə də xəsarətlər yetirirlər. Çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bəzi mütəxəssislər hesab edir ki, bu hadisələr əsasən həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir. Belə ki, əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artdıqca da heyvanların yaşayış arealına müdaxilə olunur. Yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir.

Əvvəllər canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə əsasında kəndlərdə nəzarət postları yaradır və canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bununla yanaşı, yerli sakinlərin özləri də ov tüfəngləri ilə canavarları vura bilirdilər. Sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı. Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. Amma Azərbaycan 1999-cu ildən Avropanın Yabanı Flora və Vəhşi Faunasının Mühafizəsi üzrə Konvensiyaya qoşulub və canavarların təqib edilərək ovlanması hazırda qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur.

İnsanlar canavarların həyatları və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə bununla bağlı ETSN-in regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi