Bakıda dəhşətli hadisə baş verib.
Azia.az xəbər verir ki, bu barədə Medianews.az saytına məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, 15 aprel 2023-cü il tarixində saat 03:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində Balli Market ilə üzbə-üz yolu keçərkən “Mercedes” markalı maşının sürücüsü 1988-ci il təvəllüdlü Nadir Hüseynov, piyadanı – 17.10.1988-ci il təvəllüdlü Vəliyev Ramili Aydın oğlunu yolu keçərkən maşınla vurub.
Şikayətçi daha bildirib ki, sürücü hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır. Onun iki ayağı sınıb, kəllə-beyin travması alıb.
Şikayətçi onu da iddia edir ki, həmin sürücü hadisə yerindən qaçarkən başqa bir piyadanı da vurub, daha sonra evinə gederek intihar edib. Şikayətçi bu məlumatın onlara polis tərəfindən verildiyini deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirdi ki, aprelin 15-də saat 03:40 radələrində Nadir Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan R.Vəliyevi vuraraq hadisə yerindən uzaqlaşıb.
Nəticədə piyada hər iki ayağının sınığı və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Sürücü N.Hüseynov isə hadisədən sonra yaşadığı ünvana gedərək özünə qəsd edib.
Araşdırma aparılır.