ƏSL DÖYÜŞ SƏHNƏSİ: RƏİS MÜAVİNİ VƏ SÜRÜCÜSÜ ADAMDÖYƏN "ROLLARINDA" -- FOTO FAKT
Paytaxtın düz göbəyində, Xətai prospektindəki Təhsil Nazirliyinin inzibati binasının iki addımlığında bu döyüş səhnəsini yaradanlar adi vətəndaşlar deyil.
"Əsas qəhrəmanlarından" biri -- Elvin Abdullazadə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik Şöbəsində rəis müavini vəzifəsində çalışır, digəri isə, onun Əhməd adlı sürücüsüdür. Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Elvin Abdullazadənin əmisi belə ölkədə tanınan generallardandır. Özü də, xüsusi təhlükəsizliklə məşğul olan bir dövlət qurumuna rəhbərlik edir.
Adı çəkdiyimiz həmin "qəhrəmanların" nə etdikləri isə, göz qabağındadır -- döyülən də məlum, döyən də! Təəssüf ki, onlardan birinin prokurorluq əməkdaşı, üstəlik, onun əmisinin ölkədə nüfuz, sozükeçən vəzifə sahibi olduqları ucbatından, bu ilin mart ayının 19-da, günün günorta çağı törədilən bu cinayət əməli, hələ də, hüquqi müstəvidə öz qiymətini almayıb. Bu azmış kimi, indiyədək nə rəis müavininin, nə də onun sürücüsünün xətirlərinə belə dəyən tapılmayıb. Halbuki bu hadisə zamanı döyülən şəxslərin yazmadıqları ünvan qalmayıb. Ölkə başçısına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, hətta Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə belə göndərdikləri şikayət xarakterli müraciətləri cavabsız qalıb. Əllərindəki bu döyüş səhnəsinin əksi olan videogörüntülər və fotoşəkillər baş verən bu cinayəti tam sübut edən faktlar kimi olsa da, çarəsiz qalıblar -- indi nə edəcəklərini bilmirlər! Müxtəlif ünvanlara göndərdikləri şikayət ərizələrində narahatlıq doğuran çox məqamlardan yazsalar da...
...Şikayətçilər öz ərizələrində daha çox onu qeyd ediblər ki, onlar Elvin Abdullazadənin hazırda yaşadığı binanı tikən Mənzil-Tikinti Kooperativinin işçiləridir. Biri komendant, digəri mühəndis vəzifəsində çalışırlar. Buna baxmayaraq, rəis müavininin göstərişi ilə, onun sürücüsü dəfələrlə onları binanın həyətində, camaat içərisində söyərək, təhqir edib, döyməkdən belə çəkinməyib. Səbəb də bu olub ki, niyə onlara maşınlarını icazə verilməyən yerdə saxlamağın mümkünsüzlüyü barədə söz deyiblər. Vəzifəsindən, əmisinin nüfuzundan sui-istifadə edən rəis müavini isə, deyilənlərə məhəl qoymadan, onlarla istədiyi kimi rəftar etməkdən çəkinməyib. 19 martdakı kimi.undemXeber.Az bildirir ki, döyüş səhnəsi kimi qiymətləndirilən həmin hadisənin video-foto görüntüləri, bu olay zamanı zərərçəkənlərin aidiyyatı dövlət qurumlarına ünvanladıqları şikayət məktublarının sürətləri, eləcə də şahid ifadələri araz.az-ın əməkdaşının da əlindədir. Bəzi dəqiqləşdirmələrə ehtiyac yarandığından, hadisəni tam təfsilatı ilə dərc etməyi lazım bilmədik. Bu dəqiqləşdirmələrimiz başa çatanadək, yəqin ki, aidiyyatı dövlət qurumlarının rəhbərləri də, şikayətin ciddiliyini nəzərə alıb, hadisənin hüquqi müstəvidə tam qiymətini alması üçün, lazımi göstərişlərini verəcəklər. Elə, şikayətçilər də, onlara ünvanladıqları son müraciətlərində bunu istəyirlər:"Nəzərinizə çatdırırıq ki, buranın camaatı bizi ağsaqqal, ziyalı adamlar kimi tanıyırlar.
Lakin son hadisə zamanı əhali arasında tamamilə biabır olduq. Ailə içərisində belə baş qaldırıb gəzə, ali savadlı övladlarımızın üzünə baxa bilmirik. Hər birimiz YAP-ın fəal üzvləri, dövlətimizi, mövcud hakimiyyəti sevən adamlarıq. Bəs, Elvin Abdullazadəyə kim səlahiyyət verib ki, bizim kimi sadə, ağsaqqal insanları camaat içərisində bu cür söyərək, təhqir, biabır etsin, yerdə o tərəf- bu tərəfə sürüyərək, zərbələr endirsin. Bu hadisənin dəhşəti binanın həyətində quraşdırılmış kameranın çəkilişlərində də öz əksini tapıb. Xahiş edirik, bizim üzləşdiyimiz dəhşət dolu bu mənzərəyə siz də biganə qalmaya, lazımi ölçü götürülməsi üçün, aidiyyatı qurumların rəhbərlərinə öz ciddi tapşırıqlarınızı verəsiniz! Bir də, sizdən onu xahiş edirik ki, Elvin Abdullazadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyi üçün, bu cinayət hadisəsinin həmin qurumda araşdırılmasına imkan verməyəsiniz. Çünki biz bunu məqsədəuyğun hesab etmirik".İstinad olunan mənbə bu linkdir:My Webpage