Pərviz Abbasovun həbs cəzası azaldıldı
"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərləri barələsdəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.
Azia.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin cəzaları isə 5 ilə endirilib.
Xatırladaq ki, ittiham olunan şəxslər Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.