azia.az
azia.az

Generalın məhkəməsində gərginlik: - Proses təxirə salındı, zərərçəkənlər qəzəbləndi

21-04-2022, 15:16

Generalın məhkəməsində gərginlik: - Proses təxirə salındı, zərərçəkənlər qəzəbləndi
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib) Baş İstintaq İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu dəfə zərərçəkənlərə bildirilib ki, məhkəmə tərkibində yer alan hakim Aslan Kəlbəliyev xəstələnib. Ona görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb. Eyni səbəblə ötən ay da məhkəmə təxirə salınmışdı.

Zərərçəkənlər hər dəfə prosesin təxirə salınmasını iş üzrə müəmmalı proseslərin getməsi ilə əlaqələndirirlər.

Zərərçəkən Əfsəl Həsənəliyev iş üzrə prosesin dəfələrlə təxirə salınmasına etiraz edir:

"Mənim 72 yaşım var. Mövlam Şıxəlyev əlimizdən aldıqları pullarla həyat yoldaşı Aybəniz Şıxəliyevaya, oğlu Elgünə, qızı Samirənin adına çoxsaylı mülklər alıb. Faktiki olaraq ailə üzvləri də bizə qarşı cinayətlərdə iştirak ediblər. Məni MTN girov götürdü. 5 aydan artıq başıma müsibətlər açdılar. Evimi banka girov qoyub pulunu götürdülər. Bu gün də evim girovluqdadır. İndi də hər dəfə məhkəməni uzadırlar. Hakimin xəstələnməsi bəhanədir. Məqsədləri sırf Mövlam Şıxəliyevin ailə üzvlərini - həyat yoldaşını, oğlunu cinayət məsuliyyətindən yayındırmaqdır. Eyni zamanda məhkəməni ona görə saqqıza döndəriblər ki, Mövlam Şıxəliyevin məhkəməsi geniş ictimaiyyətin diqqətindən kənar saxlasınlar. Biz zərərçəkənlər məhkəmənin uzadılmasına etiraz edirik. Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik və edirik. Çünki əlimizdən alınan varidatın leqallaşmasında iştirak ediblər".

Digər zərərçəkənlər də Əfsəl Həsənəliyevin fikirlərinə şərik olduqlarını deyib. Zərərçəkən Sərdar İsmayılov bildirib ki, qanunsuz həbsindən sonra həyatı alt-üst olub:

"Biz Gürcüstandan İrana mal aparmışıq. Əlimizdə də gömrük bəyannaməsi olub. Malımızı ələ keçirmək üçün bizə qarşı cinayət etdilər, özümüzü də uydurma ittihamla həbsə atdılar. Dedilər ki, pul verməsəz, həbsdə çürüyəcəksiz. Pulumuzu aldılar, özümüzü məhkəməyə göndərib qanunsuz olaraq məhkum etdilər. Malımızı da aparıb satıblar. Əgər mal qanunsuz idisə, niyə Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə məktub yazırdı ki, beynəlxalq yükdaşıma qanunlarına uyğun sənədləşdirilib və Azərbyacan ərazisindən tranzitlə İrana aparılır? Mal qanunsuz idisə, niyə dövlət xeyirinə deyil, Mövlam Şıxəliyevin şərikləri Çingiz Ağayev və Yaşar Cabbarovun vasitəsi ilə Azərbaycanda satılıb? İndi də artistlik edirlər, deyirlər ki, bəs siz rüşvət vermisiz, ona görə də pulunuz geri qayıtmayacaq. Cinayətə məruz qalan da biz, pulu-malı zorla əlindən alınan da biz, bunlar da əməli-saleh adamlardır guya. Mənim malım əlimdən alınıb satılmasaydı, qanunsuz həbs olunmasaydım, bu gün də biznes fəaliyyətimi davam etdirirdim. Bizə qarşı dövlətin gücündən istifadə edib quldurluq ediblər. Buna görə də dövlət qarşısında cavab verməlidirlər”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi