azia.az
azia.az

Mövlam Şixəliyev nə qədər rüşvət alıb? - RƏSMİ

15-09-2021, 11:18

Mövlam Şixəliyev nə qədər rüşvət alıb? - RƏSMİ
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqdan bildirilir ki, MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanan cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi