azia.az
azia.az

“MTN işi”nin məhkəməsi NİYƏ DAYANDI?

30-03-2022, 11:14

“MTN işi”nin məhkəməsi NİYƏ DAYANDI?
Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Zərərçəkənlərə məhkəmə tərkibində olan hakim Aslan Kəlbəliyevin xəstələnməsi səbəbindən prosesin aprelin 5-nə qədər təxirə salındığı bildirilib.

Hazırda prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsidir. Bu günə qədər iş üzrə 7 zərərçəkən ifadə verib. Demək olar ki, bütün zərərçəkənlərin ifadələri zamanı iş üzrə yeni hallar üzə çıxıb. Həmin faktlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən heç bir hüquqi qiymət verilməyib.

Ötən məhkəmə prosesində iş üzrə zərərçəkən İbrahim Zeynalovun nümayəndəsi olan oğlu, iş üzrə şahid İlqar Zeynalov ifadə verib. Onun sözlərindən bəlli olub ki, atasını 2008-ci ilin dekabrında saxlayıblar. İbrahim Zeynalova 1250 manat rüşvət alma ittihamı verilib.

7 ay 17 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan İbrahim Zeynalova həbsinin sifarişli olduğunu bildiriblər. Sifarişçi kimi isə Milli Məclisin deputatı, Eldar Mahmudovun yaxın dostu olan Ziyad Səmədzadənin adını hallandırıblar. Azad edilməsi üçün İbrahim Zeynalovdan 10 milyon dollar tələb olunub. İbrahim Zeynalovun yaxınlarında 8 milyon dollar alınandan sonra onun xəstə olmasına dair saxta rəy alınıb. Bundan sonra onu azad ediblər. İbrahim Zeynalov həbsdən buraxılandan sonra Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə və təqsirləndirilən Yasin Məmmədova ondan tələb olunan 2 milyon dolların əvəzinə Bakı Hava Limanının arxasında 4 hektar torpağını verib.

Torpaq sahəsinin Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə, Yasin Məmmədova verilməsi epizodu bu günə qədər araşdırılmayıb və hüquqi qiymət verilməyib.

İstintaqın dindirdiyi, lakin zərərçəkən kimi tanımadığı şəxslər də az deyil. Onlardan Elman Əhmədov 2010-cu ildə MTN-ə aparılıb. Orada girov saxlanmaqla Mövlam Şıxəliyevin xalası oğlu Siracın vasitəsilə yaxınlarından 160 min dollar rüşvət alınıb. Bundan sonra onu xəstəlik adı ilə azadlığa buraxıblar. Lakin zərərçəkən kimi tanımaq istəmirlər. Cinayət işi üzrə məhkəmə prosesi ötən ilin oktyabrında başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən müddətdə keçirilən açıq məhkəmə proseslərinə jurnalistlər buraxılmır. Hər 4 şəxs təqsirləndirilən statusunda olsa da, yalnız Mövlam Şıxəliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib. Digər 3 təqsirləndirilən şəxs isə həbsdə deyil, məhkəməyə evlərindən gəlib-gedirlər. İş üzrə proses 2021-ci ilin oktyabrında başlayıb. Bu günə qədər iş üzrə 36 zərərçəkəndən 7 nəfərinin ifadəsi dinlənilib. General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub.

Sabiq MTN-çilər haqqında cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pul və əmlakını ələ keçirməkdən bəhs edilir. Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərovsa hədə-qorxu ilə tələbetmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apelyasiya məhkəməsi müəmmalı halda onun cəzasını 5 ilədək endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxıldı. Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxuyla tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (külli miqdarda rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, eləcə də bəzi sahibkarlar da var.
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi