Azərbaycanda toydan qayıdan ailə dəhşət yaşadı – 3 ÖLÜ, 2 YARALI
Fevralın 13-də günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 129-cu km-də baş vermiş dəhşətli qəzanın təfərrüatları məlum olub.
Azia.az Publika.az-a istinadən xəbər verir ki, hadisə vaxtı Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədov Elmar Eldəniz oğlu “Renault Megane” markalı, 99-NL-192 dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və nəqliyyat vasitəsi yolun soluna çıxaraq çökəkliyə aşıb.
Qəza nəticəsində sürücü E.Məmmədov və sərnişinləri – oğlu 2018-ci il təvəllüdlü Eldar Məmmədov və baldızı 2003-cü il təvəllüdlü İsmayılova Xədicə Ağaəli qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Məmmədova Günel Ağaəli qızı və qardaşı 1999-cu il təvəllüdlü Məmmədov Elmir Eldəniz oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, hadisə vaxtı avtomobilin sürəti yüksək olub və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
O, da məlum olub ki, hadisəni törədən mərhum sürücü Elmar Məmmədov bir neçə il əvvəl Şəkidə idman yarışına gedərkən dəhşətli qəzaya düşüb. Həmin vaxt avtomobildə olan digər şəxslər vəfat etsə də, E.Məmmədov 9 aya yaxın müddətdə komada qaldıqdan sonra həyata qayıdıb.
Fevralın 13-də baş verən hadisəyə gəlincə, həmin gün Elmar Məmmədov ailə üzvləri ilə birgə iştirak etdiyi toy məclisindən yaşadığı Şəki rayonuna geri qayıdarkən dəhşətli olay baş verib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzanın baş verdiyi yol yeni təmir edilib və asfalt örtüyü çəkilib. Təmirdən sonra isə yolda bir neçə dəfə ağır qəza baş verib. Təkcə son həftədə bu ərazidə 3 ağır yol-nəqliyyat hadisəsi baş verib.