Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
azia.az APA-ya istinadən xəbnər verir ki, ötən gecə saat 01:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Məmməd oğlu Ramazanovun idarə etdiyi “VAZ 2109” markalı 62 BH 557 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, sürücünün həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan İbo oğlu Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri 1988-ci il təvəllüdlü Həsrət Cabrayıl oğlu Kərimov və 1977-ci il təvəllüdlü İlqar İslam oğlu Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Qax MRX-dan bildirilib ki, onlar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.