“Amaliya məni qucaqladı, sonra üstümdə oturdu...” - Rayondakı ŞOK OLAYIN TƏFƏRRÜATI
Göygöl rayonunda 2000-ci il təvəllüdlü Nazim qonşusu Natiqə xəsarət yetirib.
Azia.az-ın əldə etdiyi məlumata görə, Nazim 23 avqust 2020-ci ildə saat 17 radələrində Göygöl şəhərindəki evindən çıxıb işə gedən zaman qonşusu Natiq ona yaxınlaşıb.
Natiq bir neçə gün öncə az yaşlı övladına qorxuducu sözlər deyib, onu qorxutduğu üçün Nazimə iradını bildirib. Bu səbəbdən onların aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Nazim kəsici-deşici alətlə Natiqin qarın nahiyəsindən vurub.
İstintaq orqanı tərəfindən Nazimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, avqustun 23-də marketdən evə qayıdarkən Natiqi, onun oğlu Nahidi, qonşuları Ziyafəti və onun qızını həyətdə görüb: “Onlarla salamlaşaraq evimizə getdim. Bir qədər sora telefonla danışa-danışa evdən çıxdım. Bu vaxt Natiq kobud şəkildə məni yanına çağıraraq bir neçə gün əvvəl azyaşlı oğluna irad tutduğumu, nalayiq sözlər dediyimi bildirdi. Mən də onların ailəsinə hörmət etdiyimi, elə bir hadisənin olmadığını dedim. Natiq inanmayaraq üzərimə gəldi. Atam Araza zəng etdim, Natiqin dediklərini ona çatdırdım.
Natiq telefonda atama nalayiq sözlər dedi. Bu zaman telefonu Natiqdən aldım, atama belə sözlər deməsinin səbəbini soruşdum. O, sol qolumdan tutdu, əlində olan ucu biz, bıçaq formalı dəmir parçası ilə məni vurmaq istədi. Dəmir parçasını onun əlindən almaq istədim. Bu zaman dəmir parçasını özünə tərəf çəkdi və həmin dəmir parçası Natiqin özünə girdi.
Mən qorxaraq arxaya çəkildim. Natiq isə “məni vurdun” deyərək qışqırdı. Avtomobilinin yük yerindəki uzun dəmir parçasını götürdü, üstümə gəlmək istədi. Orada olan qonşu Bəxtiyar Natiqi sakitləşdirdi, əlindəki dəmir parçasını aldı, onu öz həyətinə apardı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Natiqin sözlərinə görə, avqustun 23-də saat 17 radələrində həyətdə oğlunun velosipedini düzəldən vaxt Nazim həyətə girib: “Nazim bizimlə salamlaşaraq evinə getdikdən sonra oğlum məndən soruşdu ki, sən niyə ona salam verdin? O, sənin ünvanına nalayiq ifadələr işlətdi, evimizi yandıracağını dedi.
Bir qədər sonra Nazim telefonla danışa-danışa evdən çıxdı. Nazim telefonla danışdıqdan sonra ondan “sənin balaca uşaqla nə işin var, ona niyə elə sözlər demisən?” deyə soruşdum. Nazim “sənin atan sənin uşaqlarına nə alırsa, mənim uşağıma da eynini alır, mən elə şey eləmərəm” deyə cavab verdi. Nazim dedi ki, sənin xəbərin varmı, anan mənə nələr deyib.
O, atası Arazla danışmaq üçün kənara çəkildi. Atası ilə danışdıqdan sonra telefonu mənə verdi. Araz telefonda məni söydü. Nazimə “sən ona nə dedin ki, atan məni söydü?” deyə soruşdum.
Nazimə "məni gözlə" dedim, həyətə girdim. Sonra Nazimin qaynanası Amaliya, arvadı Günay, Amaliyanın qardaşı oğlu Ömər və Ömərin bacısı üstümə hücum etdilər. Nazim də əlində bıçaq üstümə gəldi. Bu vaxt Amaliya və Günay məni qucaqlayaraq yıxdılar, yıxılarkən belim zədələndi. Amaliya üstümə yıxıldı və Nazim bıçağı qarnıma soxdu.
Nazim ikinci dəfə məni vurmaq istəyəndə ayağımla onun qoluna zərbə endirdim. Bıçaq Nazimin əlindən düşdü və burnumun sağ tərəfini cızdı. Nazim bıçağı götürmək istəyəndə Ömər onu itələdi, imkan vermədi.
Amaliyanın altından çıxaraq avtomobilə tərəf qaçdım, avtomobildən dəmir parçasını götürmək istədim. Bu vaxt Bəxtiyar mənə mane oldu. Oğlum Nahid ağladığından Bəxtiyar mənə dedi ki, uşağa yazığın gəlsin. Sonra məni evə apardı. Nazimgil isə dəmir parçasından qorxaraq küçə ilə Əminə marketə tərəf qaçdılar”.
Zərərçəkmiş şəxs deyib ki, həmin vaxt səs-küyə ərazidə xidmət aparan polislər, daxili qoşunların əsgərləri və başqa adamlar gəliblər: “Nazim pəncərinin şüşəsini sındıranda şüşənin qırıqları oğlum Nahidin üzərinə töküldü. Mən də əsəbləşib bıçağı götürərək qisasını almaq istədim. Lakin evin qapısı açılmadı.
Qapı açılanda Araz məni təhqir edərək vurmaq istədi. Mən onu vurdum. Nazim də məni vurmaq istəyəndə daxili qoşunların əsgərləri onu tutdular”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Nazim 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: teref.az