Xaçmazda gənc oğlan arvadını təpiklədi: “Gördüm ki, mesaj yazır” — Təfərrüat
Xaçmaz rayonunda 1997-ci il təvəllüdlü Tural ailə münaqişəsi zəminində arvadı Sevdanı (adlar şərti verilib – red.) döyüb.
Azia.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 23-də, saat 10 radələrində baş verib. Tural yaşadığı evdə arvadı Sevda ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində Sevdaya təpik zərbələri vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, son bir ildə ailədə olan maddi çətinliklərə görə arvadı Sevda ilə aralarında söz-söhbətlər yaranıb: “Bu səbəbdən 2021-ci ilin yay aylarından faktiki olaraq ayrıldıq. İyulun 23-də, saat 10 radələrində yuxudan durdum, eyvanda çay içmək üçün masa arxasına oturdum. Arvadım mənə dedi ki, telefonda xalan oğlu Natiq ilə yazışmağını oxudum, sən xalan oğluna yazmısan ki, Bakı şəhərinə onun yanına işləməyə gedəcəksən, sən işləməyə yox, avaraçılğa görə gedirsən, Bakıya getmə, burada iş tap. Həmçinin Sevda mənə qarşı ağır nalayiq ifadələr işlətdiyindən əsəbləşdim. Masadan qalxaraq Sevdanın üzünə əlimin içi ilə bir şillə vurdum. Sevda mənə qarşı nalayiq ifadələr işlətməkdə davam etdi. Bu səbəbdən onun çənəsindən əlim ilə tutdum, başa salmağa çalışdım ki, söyüş söyməsin. Sevda yerdə oturmuş vəziyyətdə məni söyməkdə davam etdi. Onun sol ayağının bud nahiyəsinə, sonra da qol nahiyəsinə təpiklə vurdum”.
Turalın sözlərinə görə, bu zaman bacısı mübahisə səslərini eşidib və içəriyə daxil olub: “Bacım Sevdanı döydüyümü gördü, bizi ayırdı. İyulun 26-da Sevdanı uşaqları ilə birlikdə anasının evinə apardım. Polis şöbəsinə dəvət edilərkən Sevdanın məndən şikayət etdiyi bildim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevda bildirib ki, iyulun 23-də, saat 10 radələrində yaşadıqları evdə olarkən əri Tural çay süzüb, eyvanda oturaraq çay içib: “Tural mobil telefonundan xalası oğluna mesaj yazdı. Mesajlara baxdıqda Turalın xalası oğluna “ola bilsin 25 iyulda Bakı şəhərinə gəldim” sözlərini yazdığını gördüm. Mən də Turala həmin mesaja görəndən sonra “Bakı şəhərinə nə üçün gedirsən?” dedim. Tural mənə kobud şəkildə cavab verdi. Dedi ki, sənin nəyinə lazımdır, mənim hara getməyimi niyə soruşursan. Bu zəmində aramızda mübahisə düşdü. Tural mənim və anamın ünvanına nalayiq ifadələr işlətdi. Yerdə oturmuş vəziyyətdə ağladığım zaman üstümə gəldi, təpiklə sol qoluma və sol bud nahiyəmə zərbə vurdu. Zərbədən sonra qolumda bərk ağrı hiss etdim. Lakin qolumun sınmasını düşünmədim. Tural məni vurduqdan sonra geri çəkildim. Həmin anda Turalın bacısı gəldi, Turalın məni vurmamasını dedi”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Turalgil onun qolunu tutaraq dayandığını görüb və qoluna sarğı qoymağa kömək ediblər: “Sonra Tural getdi. 3 gün evdə qaldım. lakin həkimə getmədim. Qolumun əzildiyini və sınmadığını düşündüm. Sonra qolumda ağrıların azalmadığını gördüm. İyulun 26-da Turala məni təcili anamın evinə aparmasını xahiş etdim. Tural həmin gün məni anamın qaldığı evə apardı. Evdə anama olanları danışdım. Anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etməyimi bildirdi. Mən də 102 xidmətinə zəng edərək şikayət etdim. Bundan sonra həkim müayinəsinə getdim. Sol qolumun sındığı məlum oldu”.
Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turalın barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.