Bakıda “patı” satan “Nata”: əsl adı Məhərrəm, özü “trans” “İKİ-ÜÇ DƏFƏ ONUN EVİNDƏ “PATI” ÇƏKMİŞƏM...”
Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 34 yaşlı Məhərrəm Fariqovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, Məhərrəm Fariqov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 26-da Səbail rayonu ərazisində saxlanılıb. “Nata” ləqəbli M.Fariqovun üzərinə baxış keçirilərkən ondan 10, 997 qram narkotik vasitə olan metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
M.Fariqova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Fariqov və digər narkotacirlər
Təqsirləndirilən M.Fariqov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, cinsi azlıq nümayəndəsi və narkotik aludəçisi olduğunu deyib. “Nata” ifadəsində narkotik vasitəni İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə əldə etdiyi bildirib: “Yasamal rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerə 147 manat pul qoydum. Öz şəxsi istifadəm və tanışlarıma hədiyyə etmək üçün narkotik vasitəni oradan götürdüm”.
“Nata” ifadəsində göstərib ki, axşam saatlarında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyiblər: “Dedilər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirsən. Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olundum. Üzərimə baxış keçirildi. Bir büküm metafetamin və bir ədəd elektron tərəzi aşkarlandı. Narkotiki “Rza”dan almışam. Metafetamini dostlarımla və yaxın münasibətdə olduğum şəxslərlə birlikdə qəbul edirdim”.
Şahid qismində məhkəmədə dindirilənlər “Nata”nı transgender kimi tanıdıqlarını deyiblər. “Nata”dan “patı” alan müştəriləri əksər hallarda ödənişi karta köçürüblər. Sosial şəbəkə üzərindən başlanan bu tanışlıqlar isə intim münasibətdən tutmuş “patı” alverinə qədər davam edib. Kimi onu “Nata”, kimi də “Mika” kimi tanıyıb.
“Mən “Nata”nı digər tanışlarımın vasitəsilə tanımışam. Bir neçə dəfə “patı” almışam. Hər qramına görə 70 manat verirdim. İki-üç dəfə “Nata” ilə birgə onun evində “patı” çəkmişəm. Narkotikin pulunu ya nağd ödəyirdim, ya da “Nata”ya məxsus karta köçürürdüm. Hazırda narkotik qəbul etmirəm. “Nata” nın adının Məhərrəm olduğunu indi bilirəm”- şahidlərdən biri ifadəsində göstərib.
Məhkəmənin hökmü ilə Məhərrəm Fariqov 6 il müddətinə azadlıqdan məhrum edilib.