“Bandotdel” əməliyyat keçirdi - “Patı”, “şüşə” satanlar tutuldu - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Azia.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Əldə edilmiş məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın "patı”, "şüşə” adlandırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.
Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər.
Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib.
Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.