DİN Göyçayda yol qəzasında ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumat yayıb
Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama verilib.
Məlumata görə, Qrupun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Milli.Az-a bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb və aşıb.
Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü Məzahir Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.
Faktla bağlı araşdırma aparılır.