“Bacanağım boşanmış qızıma pulla cinsi əlaqəyə girməyi təklif etmişdi” — DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI
Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
“Ölkə.Az” xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Şahin Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.
O, bacanağını namus üstündə öldürdüyünü deyib: “Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım”.
Şahin Qasımov əməlindən peşman olmadığını deyib: “Bacanağımın binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm”.
Qeyd edək ki, Şahin Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.