Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri MEK-də olub
MEK-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub. O, kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.
Bu ziyarət ötən ilin oktyabrında Hüseyn Hüseynovun Ankarada Ayhan Tuğlu ilə keçirdiyi görüşün və həmin vaxt səslənən dəvətin davamı kimi reallaşıb.
Görüşdə iki ölkə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Hüseyn Hüseynov MEK-lə yaxından tanış olan qonağa kitabxananın tarixi inkişafı, zəngin fondları, oxucular üçün yaradılan müasir şərait və son illərdə həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O, kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, elektron bazaların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ayhan Tuğlu isə rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, Türkiyədə kitabxana-informasiya işinin təşkili və tətbiq olunan yeni texnologiyalar barədə danışıb. O, Azərbaycan və Türkiyə kitabxanaları arasında birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsinin hər iki ölkənin mədəni əməkdaşlığına töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.