azia.az
azia.az

Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…

9-10-2024, 07:47

Bu yaxınlarda BDU-nun müəllimi, tanınmış tarixçi alim Boran Əzizin repressiya illərində günahsız yerə güllələnmiş insanların taleyindən bəhs edən “Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmış müəllim və tələbələri (1937-1940-cı illər)” adlı kitabının ardınca yeni bir monoqrafiyası - “ Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar” adlı əsəri çapdan çıxmışdır.
 
Bu haqda Moderator.az-a müəllifin özü məlumat verib.
 
X Beynəlxalq Kitab sərgisində nümayiş etdirilən bu araşdırmalar oxucular tərəfindən maraqla qarşılanmışdır. Müəllif bu yeni kitabında da Ağdam rayonu Mərzili və bəzi başqa kəndlərindən günahsız yerə qırmızı terrorun qurbanları
haqqında geniş məlumatları ilk dəfə arxiv materialları əsasında araşdıraraq elmi dövriyyəyə daxil etmişdir. Geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar əvvəlki əsərdə olduğu kimi, yalnız istintaq materialları əsasında hazırlanmışdır.
Tarixşünaslığımızda indiyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçuların kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, Ağdam rayonunun iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir.
 
Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Bu araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər.
 
İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq.
 
Xatırladaq ki, Ağdam rayonunun Mərzili kəndində Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, o cümlədən dünya şöhrətli alim, kristalloqraf, öz elmi kəşflərinə görə Nobel mükafatına faktiki layiq olan Xudu Məmmədov dünyaya gəlmişdir.
 
S.Laçın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi