ETİ-nin şöbə müdiri, tarixçi alim Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabının təqdimatı keçirilib
ETİ-nin şöbə müdiri, tarixçi alim Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabının təqdimatı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun yeni nəşr edilmiş “İrəvan quberniyasının tarixi” kitabının təqdimatı olub.
Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənc Musiqiçilərə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutub.
AMEA-nın Elm Tarixi, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq İnstitutlarının, Milli Azərbaycan Tarixi Muzeyi və Bakı Dövlət Universitetinin əməkdaşlarının iştirakıyla gerçəkləşən tədbirdə görkəmli elm və ictimaiyyət xadimləri çıxış edərək kitabla bağlı fikir və mülahizələrini bildiriblər.
Professor Solmaz Rüstəmova Tohidi, kitabın rəyçiləri, BDU-nun dosentləri – Bəymirzə Şabıyev, Sevinc Qasımova, Mehman Abdullayev, BDU-nun Tarix və Şərqşünaslıq fakültələrinin professorları – Sevda Süleymanova, Aida Qasımova, ETİ-nin elmi katibi, dosent Zaur Əliyev, ETİ-nin Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Tahir Şahbazov, Fərhad Cabbarov və digərləri çıxış edərək faktoloji materillar ve tarixi sənədlər əsasında ərsəyə gəlmiş monoqrafiyanın Azərbaycan tarixşünaslığına əhəmiyyətli töhfə və dövr araşdırıcıları üçün ciddi istinad mənbəyi olduğunu vurğulayıblar.
Məlumat üçün bildirək ki, tədqiqat əsərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindən çar I Nikolayın 1849-cu il 9 iyun tarixli fərmanı ilə yeni inzibati-ərazi vahidi kimi təşkil edilmiş İrəvan quberniyasının tarixi 1850-ci ildən 1917-ci ilədək öyrənilib. Dövrün rusdilli mənbələri əsasında quberniyanın əvvəlcə 5, sonradan 7-yə çatdırılan qəzaları, İrəvan, Naxçıvan, Ordubad (1867-ci ildə ləğv olunub), Sürməli, Şərur-Dərələyəz, Üçmüəzzin (Eçmiədzin), Gümrü (Aleksandropol), Yeni-Bayazid qəzalarına köçürülmələrdən (əsasən ermənilər) sonra hər bir qəza əhalisinin say dinamikası və etnik tərkibi üzə çıxarılıb.
Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələri əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut edib.
Monoqrafiyada, həmçinin vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatlar yer alıb.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]