azia.az
azia.az

"Ədəbiyyatın ən böyük problemi süjetə bağlıdır"-YAZIÇI

8-08-2024, 15:15

Çağdaş Azərbaycan ədəbiyyatının ən böyük problemlərindən biri süjetin qurulmasına bağlıdır.

“Report” xəbər verir ki, bu sözləri yazıçı, ssenarist Pərviz Seyidli Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

Yazıçı bildirib ki, ədəbiyyatda dil çox önəmlidir, amma süjet qurmaq arxa planda qalmamalıdır:

“Bəzən kitabı oxuyanda anidən diksinirsən, çünki gözlənilməz bir hadisə ilə qarşılaşırsan. Mən özüm yazdığım əsərlərin sonunu öncədən bilirəm. Yazılarımı taleyin ümidinə buraxmıram. Düşünürəm, bu məsələdə ssenarist olmağım öz təsirini göstərir. Ədəbiyyatda iki tip yazıçı var. Kimdəsə vizual təxəyyül genişdir, kimdəsə hiss və duyğular”.

P.Seyidli uşaq ədəbiyyatı ilə bağlı da fikirlərini bölüşüb:

“Bizdə uşaq ədəbiyyatı azdır, film və seriallar da çox deyil. Hazırda uşaqlar üçün bir roman üzərində çalışıram”.

Ssenarist görüş zamanı bir neçə tövsiyə də verib:

“Söz enerjidir. Adi bir sözlə böyük bir xəta edə, kiminsə üzündə təbəssüm də yarada bilərsən. Söz Şərq adamları üçün xüsusi əhəmiyyət daşıyır. Nəyimiz də olmasa, sözdən həmişə zənginik. Onun təsir gücü böyükdür”.

Qeyd edək ki, ssenarist Pərviz Seyidli ilə görüş 2 avqust - Milli Kino Gününə təsadüf edib.

Pərviz Seyidli 1992-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

“Simurq”, “İfşa çətin hədəf”, “Yalan həqiqət” kimi serialların ssenari müəllifidir. Özünü dramaturq kimi də sınayıb. “Ümid nəğməsi”, “Mələk” tamaşaları Gənc Tamaşaçılar Teatrının səhnəsində, “Maraqlı fiqur və siçan qadın” hekayəsi əsasında qoyulan “İnstinkt” tamaşası isə “M Teatr”da nümayiş edilib.

“Pişik qız”, “Məktublar arxasında”, “İkimiz”, “İçərişəhərin sirli sakini” kitablarının müəllifidir. PS Ssenari Mərkəzinin qurucusudur. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində dram rəhbəri vəzifəsində çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi