azia.az
azia.az

MEK-də istiqlal şairi Əhməd Cavadın doğum günü münasibətilə sərgi təşkil edilib

6-05-2023, 10:02


Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə MEK-in fondlarındakı görkəmli şairin seçilmiş əsərləri, eləcə də tədqiqatçıların onun haqqında yazdıqları “Sirr”, “Əhməd Cavad”, “Sən öylə şeirsənki, sevməyənlər anlamaz!”, “Əhməd Cavad və türk dünyası”, “Əsrin qiyamət çağı”, “Əhməd Cavad: məqalələr, xatirələr”, “Cümhuriyyət şairi”, “Əhməd Cavad: Əhməd Cavadın 120 illik yubileyi münasibətilə”, “Bir Kere Yükselen Bayrak. Ahmet Cevad'in Yaşamı ve Sanatı”, “Əhməd Cavadın yaradıcılıq yolu” və digər nəşrlər, dissertasiyalar, dövri mətbuatda çıxan yazıları təqdim edilib. Əsərlərdə Əhməd Cavadın qısa, məzmunlu həyat və yaradıcılığının təhlili, pedaqoji fəaliyyəti, xeyriyyə işlərində xidmətləri, tərcümə sahəsindəki nailiyyətləri öz əksini tapıb.

Sərgi iki həftə müddətində davam edəcək.

Xatırladaq ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlmişdir. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi. Səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacaran, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan görkəmli ictimai xadim ADR dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin də müəllifi olmuşdur.

Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib, son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi