Üç aylıq etirazlardan sonra devrilən prezidentin evindən çıxan milyonlar…
Xəbər verdiyimiz kimi Sudanın bu günlərdə ordu tərəfindən devrilmiş 30 illik diktatoru Ömər əl-Bəşirin evindən 130 milyon dollar ekvivalentində nəğd pul tapılıb. Məlum olub ki, əl-Bəşirin evində 31 min ABŞ dolları, 6 milyon avro və 105 min ABŞ dollarına ekvivalent olan 5 milyard Sudan lirəsi dolu kisələr çıxıb.
Afrika KİV-ləri əl-Bəşirin evində aparılmış axtarışın nəticələrinə dair görüntüləri yayıb. Görüntülərə əsasən hərbçilər keçmiş prezidentin evindən tapılan pulları pulsayan maşınlarla sayıb aktlaşdırır. Məlumata görə pullar Sudan Mərkəzi Bankına təhvil verilib.
Sudan neftlə zəngin olsa da dünyanın ən yoxsul ölkələrindən biridir və bu ölkədə ötən ilin dekabrında hökumətin çörəyin qiymətini kəskin artırmasına etiraz olaraq aksiyalar başlamışdı. Əvvəlcə sosial tələblərlə keçirilən etirazlar daha sonra siyasi xarakter aldı və təhlükəsizlik qüvvələrinin onlarla nümayişçini qətlə yetirməsinə baxmayaraq səngimədi. Nəhayət Sudan ordusunun komandanlığı əl-Bəşiri devirib hökumətinin üzvləri ilə birlikdə həbsə atdı. Əl-Bəşirin evindən çıxan pullara görə ona qarşı həm də çirkli pulların yuyulması ittihamı irəli sürüləcəyi bildirilir.
Bu arada Sudanda etirazlar davam edir və xalq müvəqqəti Hərbi Şuranı hakimiyyəti mülki hökumətə təhvil verməyə çağırır. Hazırda Hərbi Şura ilə etirazları təşkil edən əsas siyasi qüvvələri ilə danışıqlar aparır.