Əl-Bəşiri aşırdı, ardınca özü getdi...
Sudanda 30 illik diktator Ömər əl-Bəşiri devirib həbs edən müdafiə naziri, Hərbi Şuranın rəhbəri, general Avad bin Auf istefa verdiyini açıqlayıb.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bin Auf Sudanda ordunun həyata keçirdiyi hərbi çevrilişdən cəmi bir gün sonra istefa verib. Onun yerinə ordu generalı Abdulfettah əl-Burhan Hərbi Şuranın rəhbəri olub, digər ordu generalı Kamal Abdulmaruf onun müavini təyin edilib. Avad bin Aufun istefasının səbəbi açıqlanmır.
Sudanda ötən ilin dekabrında hökumətin çörəyin qiymətini kəskin artırmasından sonra kütləvi etirazlar başlamışdı və bu etirazlar daha sonra siyasi xarakter alaraq diktator Ömər əl-Bəşirin istefası tələbi ilə genişlənmişdi. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasına baş verən toqquşmalarda 60-dan çox adam həlak olmuşdu. Nəhayət ordu ölkədə xaosun qarşısını almaq üçün hakimiyyəti ələ aldı və əl-Bəşiri, onun hökumətinin üzvlərini həbs etdi.
Lakin Sudan müxalifəti etirazları dayandırmayıb və ordunu hakimiyyəti xalqa təhvil verməyə çağırır. Nəticədə son iki gündə paytaxt Xartumda nümayişçilərlə polis arasında toqquşmalar, hökumət binalarına hücumlar qeydə alınıb. 16 nəfərin həlak olduğu xəbər verilir.
Yaranmış vəziyyətlə bağlı Hərbi Şuranın yeni rəhbəri Abdelfəttah əl-Burhan müxalifət nümayəndələrini danışıqlara çağırıb. Hərbi Şura ilə müxalifət arasında görüşün bu gün baş tutacağı gözlənilir.