Ağdərədə batalyon komandiri dəli əsgəri qəddarcasına döydü
Ermənistanın Armavir vilayətinin Cararat kəndinin sakini, psixi pozğunluqlarının olmasına baxmayaraq orduya çağırılıan və işğal altındakı Azərbaycan ərazilərində xidmətə göndərilən yezidi kürdü Yurik Broyan batalyon komandiri tərəfindən xüsusi amansızlıqla döyülüb. Virtualaz.org erməni mənbələrinə istinadən bildirir ki, bu haqda əsgərin anası danışıb.
Marine adlı qadın deyir ki, oğlu anadangəlmə ruhi xəstədir, belə xəstəlik onlarda nəsillicə var. Yurik heç düz-əməlli məktəbə də getməyib, 2-ci sinifin yarısından məktəbi atıb. Oxuya və yaza bilmir. Özünə xətər yetirməyə meyllidir. Anasının dediyinə görə Yurikin halı qəfildən pisləşəndə əsməyə başlayır, bədənindən qan çıxarmasa sakitləşmir. Kimlərinsə onu bu hərəkətə məcbur etdiyini deyir.
Buna baxmayaraq 2018-ci ilin avqustunda Yuriki Mərkəzi hərbi-tibb komissiyası hərbi xidmətə yararlı hesab edib. Hərçənd ona sənədlərdə “yüngül psixi pozğunluq” diaqnozu da qoyublar. Avqustun 11-də Yuriki komissiyaya aparıblar və elə oradan da birbaşa Qarabağa, Ağdərədəki hərbi hissələrdən birinə göndəriblər. Anası oğlunun hara aparıldığını uzun müddət öyrənə bilməyib. Xəstə oğlunun nədən əsgər aparıldığını soruşanda ona deyiblər ki, orduya əsgər lazımdır.
Hərbi xidmətin ilk günlərində Yurik anasına xəbər verib ki, sıra addımını mənimsəyə bilmir, çünki ayaqları əsir. “Sıra yerişində ürəyini tutub yıxılır. Zabitlər ona qışqırır, deyirlər ki, xidmətdən yayınmaq üçün qəsdən belə edir. Bu, bir neçə dəfə təkrarlanıb, əsgərlər Yuriki tibb hissəsinə aparıb”-yezidi kürd qadın deyir.
Və xidmətin 10 günü keçəndən sonra Ağdərədəki hərbi hissənin batalyon komandiri Yuriki qəddarcasına döyüb və o, Xankəndindəki psixiatrik klinikaya yerləşdirilib. “Mənə Stepanakertdən (Xankəndi) hansısa qadın zəng vurdu, dedi oğlun pis vəziyyətdədir, gəl onunla maraqlan. Mənim isə ora getməyə imkanım yox idi. Sonra oğlunu Yerevan hərbi hospitalına gətirdilər. Nəhayət oğlumla orada görüşə bildim, tanınmaz haldaydı”-o bildirib.
Məlum olub ki, əsgər dəhşətli vəziyyətdədir, normal yeriyə bilmir, güclə danışır. Qollarında kəsiklər var. Beləliklə, Yurik Broyan artıq üç aydır ki, danışmır. Həkimlər isə onun müalicəsi ilə demək ola məşğul olmur. Üstəlik hospitalda qalan əsgərlərlə də pis davranırlar. “Tibb işçilərindən biri mənə dedi ki, oğlunun həyatı mənim nə yazmağımdan asılıdır. Get hara istəyirsən şikayət elə, onsuz da baxan olmayacaq”-əsgərin anası deyib.
Marine Broyan oğlunun hərbi xidmətdən azad olunması üçün məhkəmə iddiası qaldırıb. Onun hüquqlarını Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi müdafiə edir. Qadın baş nazir Nikol Paşinyana, müdafiə nazirinə, digər instansiyalara şikayətlər yazır, amma cavab almır. Məhkəmə isə uzanır...
Yurikin ailəsi olduqca ağır vəziyyətdədir, evləri yoxdur. Qohumlarından birinin evinə sığınıblar, yarıac yaşayırlar.
Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi hissələrində az qala hər həftə hansısa insident, əsgərlərin yoldaşlarını güllələməsi, zabitlərin əsgərləri döyməsi kimi hadisələr baş verir. Son zamanlar Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra belə insidentlərin mətbuata sızması halları da artıb.