azia.az
azia.az

Pul dalınca hər ay üç şəxsi təyyarə gedirdi...

29-11-2018, 00:31

Pul dalınca hər ay üç şəxsi təyyarə gedirdi...
ABŞ-da “Gödəkboy” ləqəbli meksikalı narkobaron Hoakin Qusmanın məhkəməsində ifadə verən şahid onun yaxalanmazdan əvvəl necə lüks həyat tərzi keçirdiyi barədə sensasion məlumatlar açıqlayıb. Virtualaz.org xəbər verir ki, Qusmanın “sağ əli” hesab edilən və keçmişdə onun ən yaxın adamı sayılan Migel Angel Martinez “Gödəkboy”un 90-c illərdə Amerikada kokain bumunun başlaması ilə sürətlə varlandığını, bağçasında yırtıcı heyvanların dolaşdığı malikanələr aldığını deyib.

Dünyanın ən qorxulu və ən güclü narkobaronu, milyarder, ABŞ-da Al Kaponedən sonra ikinci ən güclü mafioz hesab edilən, şöhrəti Pablo Eskobarı da keçən Hoakin Qusman “Sinaloa” kartelinə 90-cı illərdən başçılıq edirdi. Bu kartel ABŞ-ın narkotik bazarının üçdə ikisini əlində saxlayır. Hoakin Qusman 2015-ci ildə Meksikada saxlanıldığı sərt rejimli həbsxanadan uzunluğu 1.5 kilometrə çatan yeraltı tunellə qaçıb. Bu, “Gödəkboy”un Meksika həbsxanasından ikinci qaçışı idi. Lakin təxminən bir il sonra Qusman Meksika xüsusi təyinatlıları tərəfindən saxlanılıb və mühakimə olunmaq üçün ötən il ABŞ-a təhvil verilib. “Gödəkboy” Amerikaya 14 milyard dollarlıq kokain keçirib satdırmaqda və digər çoxsaylı cinayətlərdə ittiham olunur.

Qusmanın məhkəməsi Nyu-Yorkda 2018-ci il noyabrın əvvəllərində başlayıb və 4 ay davam etməsi gözlənilir. Dünənki məhkəmə prosesində ifadə verən Martinez deyib ki, “Gödəkboy”un hər sahilyanı kurort şəhərində evləri, hər əyalətdə malikanələri vardı. Kokain ticarətindən əldə edilən pullar bu evlərdə saxlanılırdı.

Şahid ifadəsində deyib ki, “Gödəkboy”un başçılıq etdiyi Sinaloa karteli sərhədin altından qazılan tunellər, gizli bölmələri olan yanacaq çənləri və istiot qutularında ABŞ-a hər il tonlarla kokain keçirirdi. Qusman hər ay üç özəl təyyarəsini göndərib kokain ticarətindən əldə edilən pulları toplayırdı və hər təyyarə 10 milyon dollara qədər nəğd pul daşıyırdı. Bu pulların bir qismi çuvallarla Meksika banklarına aparılır, işçilərə rüşvət verməklə pesoya çevrilirdi.

Martinez Qusmanın Acapulco sahillərindəki villasında zooparkın olduğunu danışıb. O, arabir özünün kiçik şəxsi qatarı ilə həmin zooparkdakı vəhşi heyvanlara baxmağa gedirdi. Zooparkda şirlər, pələnglər və digər yırtıcılar saxlanılırdı.

Qusmanın arvadının da iştirak etdiyi prosesdə şahid narkobaronun həyatında 4-5 qadın olduğunu deyib. “Onların hamısına pul ödəyirdik”-şahid bildirib.

Martinez onu da deyib ki, Qusmanın uşaqlığı yoxsulluq içərisində keçmişdi. Amma o milyardlarla dollarlıq sərvətə yiyələndikdən sonra cavanlaşma terapiyası üçün tez-tez Makau və İsveçrəyə gedirdi. Şahidin bildirdiyinə görə Qusmanın imperiyası rəqib narkokartellə müharibəyə girməsindən sonra çökməyə başladı. Həmin kartel Qusmanı vurmaq üçün Guadalajaya silahlılar göndərib. Amma həmin adamlar Qusmanın əvəzinə katolik kardinalı öldürüb. Xalqın sürətlə artan qəzəbi nəticəsində Meksika hakimiyyəti onun axtarışlarını sürətləndirib və “EL Çapo”Salvadora qaçmaq istəyərkən yaxalanıb.

Məhkəmə prosesində Qusmanın oğlu İvanın atasının kokaindən qazandığı milyardların hesabına necə zəngin həyat tərzi keçirdiyinə dair fotolar da təqdim edilib. Həmin fotolar narkobaronun oğlunun sosial şəbəkə səhifələrində yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi