"Bilmədim, xan kimdir, eşşək kim"- iş adamının qardaşı "falçı Səkinə"nin məhkəməsində
İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən falçı qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində iş adamı Barat Abdullayevin qardaşı Nazim Abdullayev ifadə verib.
Nazin Abdullayev istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib və sərbəst ifadə verib.
"Qardaşım Barat Abdullyevin ailəsində münaqişə var idi. Araşdırmalar zamanı məlum oldu ki, evin "kupça"sı yoxdur. Qardaşım Təyminədən soruşdu ki, "kupça" hanı.
Təyminə dedi ki, "kupça"nı banka qoyub və 250 min pul götürüb. Dedi ki, həmin pulla Səkinə adlı qadından gözəllik salonu alıb. Biz ondan istədik ki, gözəllik salonunun yerinə göstərsin. Amma yerini bilmirdi. Bir müddət araşdırdıq və Əhmədlidə olduğunu öyrəndiyimiz salona gedib baxdıq. 20 kvadratmetrlik yer idi. Nə qədər eləsək də Səkinəni tapa bilmədik. Salondan da dedilər ki, Səkinə adlı qadını tanımırlar. Səkinə bizimlə görüşə də gəlmədi. Biz Təhminəyə dedik ki, polisə şikayət edək. Təyminə özü polisə şikayət etdi. Səkinəni polisə gətirdilər. Polis bölməsində bizə məlum oldu ki, onlar arasında əvvəl də danışıqlar olub.
Səs yazısı var idi. Orada Təyminə Səkinəyə deyirdi ki, ərim və qaynım işdən xəbərdardır. Təyminə həmin danışıqda söyləyib ki, gəl aramızda borc müqaviləsi bağlayaq. Sonra da pulu özü ödəyəcəyini söyləyib. Təyminə Səkinəyə deyib ki, "5-6 aydan sonra ya xan ölər, ya da eşşək. Başqa sözlər də var idi. Amma demək istəmirəm. Amma o söhbətdə bilmədim ki, xan kimdi, eşşək kimdir"- deyə şahid sərbəst ifadəsində söyləyib.
Şahid əlavə olaraq deyib ki, evlə yanaşı qardaşının xeyli sayda qızıl və zinət əşyaları da yoxdur: "Barat dedi ki, dədə-babadan olan qızıllar da yoxdur. İndiyə qədər də həmin qızıllardan xəbər yoxdur".
Məhkəmədə şahid qismində Barat Abdullayev də dindiriləcək.
Növbəti məhkəmə prosesi oktyabrın 6-na təyin edilib.
Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.
Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub və məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
T.Abdullayevanın işi davam edən ərəfədə Səkinə İsmayılova da həbs edilib.
İlkin Muradov
Musavat.com